Dünya

Orban istefasından sonra iş tapıb

Orban istefasından sonra iş tapıb

Macarıstanın keçmiş baş naziri Viktor Orban və onun siyasi direktoru Balaj Orban (soyadları eyni olsa da, qohumluq əlaqələri yoxdur) “Pro Patria International Foundation” adlı beyin mərkəzi təsis ediblər.

Elchi.az xəbər verir ki, Balaj Orban bu təşəbbüs barədə “Politico” nəşrinə verdiyi müsahibədə məlumat verib.

Siyasətçinin sözlərinə görə, yeni qurum Avropa İttifaqında (Aİ) institusional islahatlarla bağlı müzakirələri stimullaşdırmağı, həmçinin suverenlik prinsiplərinə və ənənəvi dəyərlərə sadiq olan mütəfəkkirləri və təşkilatları – yəni milli qüvvələri bir araya gətirməyi hədəfləyir. O, “Biz Aİ-dəki institusional islahatlar ətrafında müzakirələrə təkan vermək istəyirik”, – deyə bildirib.

Mərkəz Brüsseldə təmsil olunacaq, lakin orada özünə məxsus bir ofis açmaq planı yoxdur. Balaj Orbanın sözlərinə görə, maliyyələşmə “yerli və beynəlxalq donorlar” hesabına həyata keçiriləcək və vəsait toplama prosesi artıq başlayıb. Fondun ABŞ-dan dəstək istəyib-istəməyəcəyi hələlik bəlli deyil. Ağ Ev əvvəllər Avropadakı mühafizəkar beyin mərkəzlərinə milyonlarla avro vəsait ayırıb.

Orban 16 il ərzində Macarıstan hökumətinə rəhbərlik etdi, lakin 2026-cı ilin aprelində seçkilərdə TISZA partiyasının lideri Peter Macara məğlub oldu. Hakimiyyət dəyişikliyindən sonra Orban tərəfindən yaradılmış mühafizəkar beyin mərkəzləri şəbəkəsi faktiki olaraq ləğv edildi. Yeni strukturun, digər məsələlərlə yanaşı, Budapeştin hazırda izlədiyi siyasi xəttə qarşı müqaviməti dəstəkləyəcəyi gözlənilir.

Macarıstanda ölkənin keçmiş baş nazirinin kiçik qardaşı, sahibkar Áron Orbán həbs edilib. Orbán və onun ətrafındakılar Vyetnamdan Avropaya qanunsuz miqrasiyanı təşkil etməkdə şübhəli bilinirlər. Onlar, xüsusilə, ödəniş müqabilində Macarıstan səfirliklərində Şengen vizalarının rəsmiləşdirilməsinə köməklik göstəriblər. Məhkəmənin məlumatına görə, Viktor Orbánın qardaşı 2024-cü ildə yüzdən çox şəxsə bu cür xidmətlər göstərib.

Macarıstanın keçmiş baş naziri Viktor Orban bildirib ki, qardaşı Aronun insan alveri şübhəsi ilə saxlanılması məsələsində əsas hədəf məhz özüdür.

                                                                                                                                                                        Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir