Dünya

Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

Böyük Britaniyada müharibə həyəcanı: Bazalar mühafizə altına alındı, keçmiş hərbçilərə çağırış edildi

Böyük Britaniyanın Müdafiə naziri Wes Streeting 100 min ehtiyatda olan hərbçiyə – keçmiş hərbi qulluqçulara – məktub göndərərək, onları mümkün müharibəyə hazır olmağa çağırıb. O bildirib ki, bu addımı Covid-19 pandemiyası dövründə müşahidə olunan hazırlıqsızlıqdan çıxarılan dərslərə əsasən atır.
Elchi.az xəbər verir ki, LBC radiosuna açıqlamasında Streeting, Müdafiə Nazirliyi tərəfindən “strateji ehtiyat” qismində təsnif edilən 100 min keçmiş hərbi qulluqçuya göndərilən və onlardan əlaqə məlumatlarını yeniləmələri xahiş olunan məktub barədə danışıb.
“Bu, adi bir prosedur olmalıdır,” – deyə Streeting bildirib. “Söhbət bizim strateji ehtiyatlarımızdan – keçmişdə orduda xidmət etmiş və gələcəkdə hər hansı münaqişə, müharibə və ya təbii fəlakət zamanı çağırıla biləcək şəxslərdən gedir.”
Bu şəxslərin müharibə halında istər Böyük Britaniya daxilində, istərsə də digər regionlarda xidmətə cəlb oluna biləcəyini qeyd edən Streeting, bu tədbirlərin “əməliyyat hazırlığı” mənzərəsini tamamlamaq məqsədi daşıdığını izah edib.
“Əgər bu gün bunu etməsəm, gələcəkdə – məndən əvvəl bu vəzifədə olanlar kimi – özümü müstəqil araşdırma komissiyasının qarşısında görə bilərəm,” – deyən Streeting əlavə edib:
“Avropadakı təhlükə mühitinə, NATO-nun və müxtəlif hökumətlərin bəyanatlarına nəzər saldıqda aydın olur ki, müdafiə xərclərini artırmağımıza baxmayaraq, strateji ehtiyatlarımıza kifayət qədər sərmayə qoymamışıq. Niyə Covid-19 pandemiyasından dərs çıxarmayaq? Səhiyyə naziri olduğum dövrdə (2024–2026) o vaxtkı hazırlıqsızlıq və dayanıqlılıq çatışmazlığından vacib dərslər öyrəndim. İndi isə Müdafiə naziri kimi, hazırlıqlı olmağımızı təmin etmək üçün həmin dərsləri tətbiq edirəm.” Ehtiyatda olan hərbçilərin dərhal aktiv xidmətə çağırılmayacağını vurğulayan Streeting qeyd edib: “Hazırkı mərhələdə biz insanların əlaqə məlumatlarını, hazırkı olduqları yerləri və hərbi xidmətdən sonrakı dövrdə əldə etdikləri bacarıqları yeniləyirik.” Stritinq eyni mövzu ilə bağlı “Sky News”a verdiyi açıqlamada qeyd etdi:
“Biz çox yüksək təhlükə mühitində fəaliyyət göstəririk. Yüksək hazırlıq səviyyəsini qoruyub saxlamaq düzgün addımdır. Bu, təşviş yaratmaq əvəzinə, inam hissi aşılamalıdır. Hazırda müharibə vəziyyətində deyilik, lakin Avropada təhlükəli bir mühit mövcuddur. Əgər mən bu gün bu addımları atmasam, 30-40 il sonra insanlar soruşa bilərlər: ‘Niyə o vaxtkı Müdafiə naziri hazırlıq görmədi?’”
Stritinq vurğuladı ki, məqsəd ən pis ssenarinin baş verməsinin qarşısını almaq üçün həmin ssenariyə hazır olmaqdır.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir