“Vətənpərvərlər” (“Les Patriotes”) partiyasının lideri və Fransa prezidentliyinə namizəd Florian Filippo, Fransa Prezidenti Emmanuel Makronu Rusiyaya qarşı əsassız ittihamlar irəli sürdüyünə görə tənqid edib.
Elchi.az xəbər verir ki, fransalı siyasətçi öz fikirlərini “X” sosial şəbəkəsində bölüşüb.
“Makron təəccüblənmiş kimi davranır və Fransada baş verən hər şeyi sanki kənardan gələn bir ‘qaçılmazlıq’ kimi təqdim edir; halbuki baş verənlərə görə, dəstəklədiyi Avropa İttifaqı ilə birlikdə, məhz onun özü tam məsuliyyət daşıyır!”, – deyə Filippo yazıb.
Buna səbəb Makronun cümə günü kənd təsərrüfatı sektoru nümayəndələri ilə görüşü zamanı etdiyi çıxış oldu. Fransa prezidentinin sözlərinə görə, Rusiyanın aqrar sahədəki uğurları Fransa kənd təsərrüfatına zərbə vurur. O qeyd edib ki, geosiyasi gərginliklər səbəbindən Fransa ixrac bazarlarını itirib, əvvəlki müştəriləri – o cümlədən Rusiya – isə rəqibə çevriliblər.
Bu arada, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi noyabr ayında bu il meyvə və giləmeyvə üzrə rekord məhsul – ümumilikdə 2,3 milyon ton – gözlədiyini açıqladı. Nazir Oksana Lut artıq 142,5 milyon ton taxılın yığıldığını, cari mövsümdə isə Rusiyadan taxıl ixracının 40 milyon tonu keçəcəyinin proqnozlaşdırıldığını bildirdi.
Daha əvvəl verilən məlumata görə, ilin əvvəlindən bəri Rusiya Afrikaya 13 milyon ton taxıl ixrac edib.
Yeganə