Almaniyanın “ARX Robotics” şirkəti Keniyada keçirilən “Haraka Storm” hərbi təlimləri zamanı “GEREON” insansız yerüstü maşınının Britaniya ordusunun “ASGARD” rəqəmsal hədəfgöstərmə şəbəkəsinə uğurla inteqrasiya olunduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə “Defence Blog” nəşri yazır.
İstehsalçının məlumatına görə, robotlaşdırılmış maşın manevrlər zamanı hədəfləri aşkarlayaraq məlumatları “ASGARD” şəbəkəsinə ötürüb. İddia edildiyi kimi, bu, hədəfin aşkarlanmasından zərbə endirilməsinə qədər olan məlumat ötürülməsi prosesini on dəfə sürətləndirməyə imkan verib.
“Britaniya ordusuna təcrid olunmuş şəkildə işləyən robotlar lazım deyil. Ona bütün qüvvələrin effektivliyini artıran, döyüşdə sınaqdan keçmiş sistemlər lazımdır”, – deyə “ARX Robotics UK” şirkətinin baş direktoru Devid Roberts bildirib.
Təlimlərdə Britaniya ordusunun 4-cü briqadasının hərbçiləri ilə birgə fəaliyyət göstərən iki robotlaşdırılmış maşın iştirak edib. Aparatlardan biri əsas təchizat marşrutunda uzaqdan müşahidə məntəqəsi kimi istifadə olunub.
Qeyd edək ki, “ASGARD” sistemi qərarların qəbulunu dəstəkləmək üçün süni intellekt və qorunan rabitədən istifadə edir.
Məryəm