Dünya

ABŞ-dan hərbi güc nümayişi: “Qara Qartal” döyüşə hazırdır!

ABŞ-dan hərbi güc nümayişi: “Qara Qartal” döyüşə hazırdır!

ABŞ Ordusu rəsmi olaraq “Dark Eagle” (“Qara Qartal”) adlandırılan ilk Uzaq Mənzilli Hipersəs Silahları (LRHW) batareyasını yerləşdirib.

Elchi.az xəbər verir ki, “Breaking Defense” nəşri müxtəlif mənbələrə istinadən məlumat yayıb.

Nəşrin sitat gətirdiyi, ABŞ Ordusunda silah təchizatına cavabdeh olan general-leytenant Frank Lozano bildirib: “Sistem tam şəkildə yerləşdirilib və istifadəyə hazırdır”.

Generalın sözlərinə görə, sistemin ilk bölməsi tam heyətlə təchiz olunub və döyüş əməliyyatlarında tətbiq edilə bilər. Lozano vurğulayıb ki, sistem mobil xarakter daşıyır və dünyanın müxtəlif bölgələrinə sürətlə yerləşdirilməyə hazırdır.

Eyni zamanda, hərbi idarənin nümayəndəsi ilk batareyanın yerləşdiriləcəyi dəqiq məkanı və ya bunun üçün nəzərdə tutulan vaxtı açıqlamayıb.

Hazırda ABŞ komandanlığı əlavə hipersəs silah bölmələrinin yerləşdirilməsi üçün hazırlıq işlərinə diqqət yetirir. Lozano bildirib ki, ikinci və üçüncü batareyalar üzərində işlər artıq davam edir; üçüncü batareyanın istehsalı isə 50%-dən çox tamamlanıb. ABŞ Ordusu bu işlərin başa çatması ilə bağlı hələlik konkret vaxt çərçivəsi açıqlamayıb.

“The War Zone” nəşrinin məlumatına görə, proqram buraxılış qurğusunun mexanizmlərindəki problemlər və müxtəlif sistemlərin inteqrasiyası ilə bağlı çətinliklər səbəbindən illərlə gecikmələrlə üzləşib. Bu texniki problemlər 2023-cü ildə bir sıra sınaqların ləğv edilməsinə səbəb olub. Buna baxmayaraq, 2024-cü ilin dekabrında ABŞ Ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri, operativ idarəetmə mərkəzi və buraxılış qurğusundan istifadə etməklə, raketin tam konfiqurasiyada uğurlu birgə sınağını həyata keçiriblər.

                                                                                                                                                                        Yeganə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir