Dünya

Polşa hava məkanının pozulması ilə bağlı Rusiyaya diplomatik nota təqdim edib

Polşa hava məkanının pozulması ilə bağlı Rusiyaya diplomatik nota təqdim edib

Polşa Xarici İşlər Nazirliyi, Rusiyanın Ukraynaya hücumu zamanı buraxılan üç rus qanadlı raketinin Polşa hava məkanını pozaraq ölkə ərazisinə düşməsindən sonra Rusiyaya diplomatik nota təqdim edib.
Elchi.az xəbər verir ki, Polşanın PAP xəbər agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Vevyor jurnalistlərə bildirib ki, Rusiyanın Varşavadakı səfiri Georgi Mixno nazirliyə çağırılıb və ona “çox sərt diplomatik nota” təqdim olunub.
Vevyor bildirib ki, səfir Mixno Polşanın hava məkanının pozulmasına qarşı rəsmi etirazını əks etdirən bu notanı qəbul edib.
Polşa hava məkanını pozan raketlərin mənşəyinin məlum olduğunu qeyd edən Vevyor, məsələnin müzakirə mövzusu olmadığını və səfir Mixnonun da raketlərin haradan gəldiyindən xəbərdar olduğunu vurğulayıb.
“Polşa NATO müttəfiqləri ilə həmrəydir”
Notanın məzmununun bir hissəsini açıqlayan Vevyor deyib: “Polşa NATO müttəfiqləri ilə həmrəylik içində, öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün mövcud vasitələrlə müdafiə qabiliyyətini gücləndirəcək və Rusiya təcavüzünə qarşı müdafiə olunan Ukraynaya dəstəyini davam etdirəcək”.
Səfir Mixnonun ölkədən çıxarılması ehtimalı ilə bağlı suala cavab olaraq Vevyor bildirib ki, atıla biləcək başqa diplomatik addımlar da mövcuddur. Polşanın da Rusiyada səfirinin olduğunu xatırladan Vevyor, müxtəlif şərhlər və qiymətləndirmələr zamanı ehtiyatlı olmağın vacibliyini vurğulayıb; o, ölkəyə zərər verə biləcək ritorikadan çəkinməyə çağırıb və soyuqqanlı qalmağın əhəmiyyətini qeyd edib.
Vevyor həmçinin Polşanın müttəfiqlərinə göstərdikləri operativ reaksiya və qərar qəbul etmə qabiliyyətinə görə təşəkkürünü bildirib.
Nazirlikdən ayrılarkən açıqlama verən səfir Mixno, Rusiyanın sözügedən hadisələrlə heç bir əlaqəsi olmadığını iddia edib.
Mixno bildirib ki, bəhs edilən “elementlərin” mənşəyini müəyyən etmək üçün heç bir inandırıcı və ya yoxlanıla bilən sübut təqdim olunmayıb.
Polşa rəsmiləri daha əvvəl bildirmişdilər ki, Rusiyanın Ukraynaya hücumu fonunda noyabrın 20-də Polşa hava məkanını pozaraq ölkə ərazisinə düşən üç obyekt Rusiya istehsalı olan qanadlı raketlərdir. Onlar həmçinin qeyd ediblər ki, həmin raketlərin qalıqları aşkar edilib. Bu hadisədən sonra NATO Polşaya AWACS tipli erkən xəbərdarlıq təyyarəsi yerləşdirmək qərarına gəldi.

Şayəstə

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir