ABŞ-dən Bakıya MÜHÜM reverans – Naxçıvana gedən YOL…
“Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) ötən il ərzində əhəmiyyətli irəliləyiş əldə edib”. Bunu ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Ağ Evdə tarixi sənədlərin imzalanmasının ildönümü ilə bağlı bildirib. “Son bir il ərzində biz TRIPP-in həyata keçirilməsində əhəmiyyətli irəliləyişlər gördük və bu layihə inkişaf etməyə davam edəcək”, – diplomat birinci ildönümlə bağlı səfirliyinin X sosial media hesabında yerləşdirilmiş video mesajında qeyd edib.

Onun sözlərinə görə, marşrut Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin edəcək, Şərqlə Qərb arasında inteqrasiyaya və əlaqələrin inkişafına təkan verəcək, həmçinin Azərbaycan və bütün region üçün iqtisadi səmərə yaradacaq. Bəyanatda ən diqqətçəkən məqam təbii ki, Zəngəzur dəhlizinin Azərbaycan üçün maneəsiz olacağı ilə bağlı detaldır. Hansı ki, ötən il avqustun 8-də Ağ Evdə imzalanmış üçtərəfli Birgə Bəyannamədə də əksini tapıb.
Bəs səfirlik bu xüsusatı niyə qabardıb? Biz 2027-cu ildən Naxçıvana heç olmasa, quru yolla gedə bilərikmi?
Xeberleraz.com xəbər verir ki, deputat Elşad Musayev Musavat.com-a açıqlamasında Zəngəzur dəhlizinin açılmasının qaçılmaz proses olduğunu qeyd edib. Bu marşrutun işə düşməsi işlərinin sürətlənəcəyini gözləyən Elşad Musayev hesab edir ki, ABŞ gedişatı izləyir və idarə edir: “Birləşmiş Ştatlar bu layihə üçün vəsaiti də artırdı və məqsəd logistikanın tezliklə reallaşmasıdır. Nəzərə alaq ki, ABŞ Cənubi Qafqazda uğur qazandığını nümayiş etdirmək istəyir. Tramp administrasiyası Rusiyaya göstərir ki, onun edə bilmədiyini Vaşinqton qısa müddətdə reallaşdırır: həm sülh mətninin paraflanması, həm də TRİPP proyektinin razılaşdırılması. Halbuki müharibədən sonra Rusiya hər iki məsələdə vasitəçi kimi rol oynamağa çalışdı, amma işi uzatdı. Bu da onun strateji rəqabətdə məğlubiyyətinə gətirdi. Nəticədə Zəngəzur dəhlizinə nəzarət şansını da itirdi, Bakı ilə İrəvan arasında sülh əldə olunmasında moderator kimi özünü piar etmək fürsətini də əldən verdi. Bununla ABŞ Cənubi Qafqazda öz təsir gücünü artıracaq. Ona görə də Zəngəzur dəhlizinin açılması Vaşinqtona lazımdır”.

Deputatın fikrincə, Naxçıvana quru yolla getmək mümkün olacaq, amma bunun tarixini konkretləşdirmək çətindir: “Dəqiq tarix texniki məsələdir. Hazırda Ermənistan üzərinə düşən işləri yerinə yetirməlidir. Bilirsiniz ki, yolda ABŞ şirkəti fəaliyyət göstərəcək, Ermənistanla müştərək şəkildə təhlükəsizliyə cavabdeh olacaq. Yəni bizim yüklər Naxçıvan gedəndə onların maneəsiz keçidi təmin olunmalıdır. Bu logistikaya ABŞ qarantiya olduğu üçün təhlükəsizlik yüksək səviyyədə təşkil olunacaq. Hər hansı insident və ya təxribata görə hər iki tərəf məsuliyyət daşıyacaq. Azərbaycan qarşısında götürülən öhdəliklər yerinə yetirilməlidir. Əslində, son aylar Azərbaycandan tranzit keçməklə Rusiyanın taxıl, gübrə, kömür mallarının Ermənistana problemsiz keçidi göstərdi ki, bu məsələdə hər hansı narahatlıq yoxdur. Yəni burada kimsə maraqlı olmamalıdır ki, Naxçıvana yük daşıyan azərbaycanlı sürücülərə maneələr yaradılsın, təxribata əl atılsın. O halda, Trampın adını daşıyan bir layihənin imicinə xələl gətiriləcək. Zənnimcə, çox uzaq olmayan tarixdə Naxçıvana maneəsiz gediş-gəliş mümkün olacaq. Artıq ABŞ kimi beynəlxalq təminat var, eyni zamanda Rusiya və İran da bu marşrutdan müəyyən mənada pay götürə bilər”.