Paşinyan İran sərhədində hərəkətə keçdi – Zəngəzur dəhlizinin qarşısındakı maneələr götürülür
Ermənistanın Baş naziri Nikol Paşinyanın İranla sərhəd infrastrukturu məsələlərini araşdırmaq üçün işçi qrupu yaratması Zəngəzur dəhlizi layihəsi ilə də əlaqəli ola bilər.
Xeberleraz.com xəbər verir ki, bu barədə Rusiya sərhəd qoşunlarının veteranı, sərhəd təhlükəsizliyi üzrə ekspert, general Lev Azatxanyan müsahibəsində bildirib.
General Paşinyanın işçi qrupunun əsas vəzifəsinin sərhəd nişanlarının yerləşdiyi əraziləri dəqiqləşdirmək olması barədə açıqlaması ilə qismən razılaşıb.
Onun sözlərinə görə, belə bir addımın atılmasına səbəblərdən biri Araz çayında suyun səviyyəsinin mövsümi olaraq yüksəlməsidir. Bu proses sərhəd nişanlarının yerləşdiyi ərazilərin dəqiqləşdirilməsini zəruri edə bilər.
Lakin Azatxanyan məsələnin yalnız təbii amillərlə bağlı olmadığını, burada Zəngəzur dəhlizi layihəsinin də mühüm rol oynaya biləcəyini vurğulayıb.
Ekspertin fikrincə, Zəngəzur dəhlizi çərçivəsində yaradılması nəzərdə tutulan infrastruktur mövcud sərhəd qoşunlarının infrastrukturu ilə müəyyən ərazilərdə üst-üstə düşə bilər.
Bu isə sərhəd dirəklərinin, müşahidə qüllələrinin və digər hərbi-sərhəd obyektlərinin yeni yolların və başqa infrastrukturların tikintisinə mane olması ehtimalını yaradır.
General istisna etməyib ki, Paşinyanın yaratdığı işçi qrupunun vəzifələrindən biri də məhz hansı sərhəd nişanlarının və tikililərin başqa ərazilərə köçürülməli olduğunu müəyyənləşdirməkdir.
Musavat.com