Trampdan Şimali Koreyaya hörmət, Cənubi Koreyaya töhmət
ABŞ prezidenti Donald Tramp ABŞ ordusunun Cənubi Koreya ilə keçirdiyi hərbi təlimlərdən narazı olduğunu bildirib və Pentaqon rəhbəri Pit Heqsetə birgə hərbi təlimləri “əhəmiyyətli dərəcədə azaltmağı” əmr edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Şimali Koreyanı çəkindirməyi hədəfləyən “Ulchi Freedom Shield” adlandırılan təlimlər bazar ertəsi günü başlayıb.
“Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı münasibətlərimi nəzərə alsaq (onlar sonuncu dəfə 2019-cu ildə görüşüblər), ABŞ-nin artıq Cənubi Koreya ilə birgə hərbi təlimlərdə iştirak etməyə razılıq verməsindən narazıyam”, – Tramp Truth sosial şəbəkəsində yazıb.
O, Seulun İrana qarşı müharibədə ABŞ-yə qoşulmaqdan imtina etməsindən şikayətlənib: “Bu yaxınlarda Cənubi Koreya prezidentindən İran İslam Respublikasının nüvəsizləşdirilməsində bizə qoşulub-qoşulmayacağını soruşdum və onlar ‘Xeyr, təşəkkür edirik!’ dedilər.”
Amerika lideri əlavə edib: “Bu təlimlər təkcə bahalı deyil – ABŞ, həmişəki kimi, xərclərin böyük hissəsini ödəyir – həm də təhlükə yaratmayan və Donald Tramp dövründə hörmət edilən bir ölkəyə tamamilə uyğunsuz və düşmən siqnalı göndərir”.
Tramp növbəti 11 gün ərzində baş tutmalı olan təlimləri ləğv etmək üçün çox gec olduğunu və müdafiə naziri Pit Heqsetə onların miqyasını “əhəmiyyətli dərəcədə azaltmağı” əmr etdiyini söylədi.
Qeyd edək ki, Amerika Birləşmiş Ştatları və Cənubi Koreya müntəzəm olaraq birgə hərbi təlimlər keçirir və Cənubi Koreya Amerikanın ən böyük xarici hərbi bazası olan “Hamfris” bazasına ev sahibliyi edir. Bu gün başlayan təlimlərdə minlərlə hərbçi və hərbi texnika iştirak edir. Təlimlər Şimali Koreya təhdidlərinə qarşı hazırlığı artırmaq məqsədi daşıyır və dronlara qarşı mübarizə, GPS maneələri və kiberhücumlar üzrə təlimləri əhatə edir. CNN-in məlumatına görə, Şimali Koreya ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərini dəfələrlə tənqid edib. Şimali Koreyanın Xarici İşlər Nazirliyi 17 avqustda başlayan təlimləri “təcavüzkar müharibə məşqi” və təhlükəsizliyinə “ciddi təhdid” adlandırıb.