Bir ayda üç səfər – Paşinyan “qara kağızla” qayıdacaq?

Ermənistan Baş naziri Nikol Paşinyan gələn ay Rusiyaya üç dəfə səfər etməyi planlaşdırır. “Dekabrda Rusiyada üç dəfə olacağam. Danışıqlar üçün üç səfər edəcəyəm — 3, 11 və 22 dekabrda”, – Baş nazir qeyd edib. Onun sözlərinə görə, İrəvan Moskva ilə münasibətlərində “dostluq atmosferini qoruyub saxlamağa ümid edir”. Mümkün olacaqmı?

1

Ermənistanın “Respublika” partiyasının sədri Aram Sərkisyan qarşıdakı səfərlərdən müsbət heç nə gözləmədiyini deyib. “Rusiya “qara kağız” göndərən dövlətdir. Moskvaya səfərdən hansısa müsbət nəticə gözləmək lazım deyil. Orada Paşinyana nəyisə məcburən qəbul etdirməyə çalışacaqlar. Qoy qaz olmasın, bahalı olsun, atom elektrik stansiyası da olmasın, amma gəlin, bu çətinliyi birdəfəlik həll edək və nəvələrimizi bu vəziyyətdə qoymayaq. Xalqımız buna dözəcək”, – siyasətçi bildirib (Teleqraf).

Paşinyan gerçəkdənmi Rusiyadan “qara kağızla” dönəcək? Bir ayda üç ziyarət hansı zərurətdən doğub?

Politoloq Züriyə Qarayeva Musavat.com-a bildirib ki, bu səfərlərin münasibətləri əvvəlki səviyyəyə qaytaracağı hələ aydın deyil. Onun zənnincə, əsas məsələ tərəflərin konkret hansı məsələlərdə razılığa gələcəyidir. Züriyə Qarayeva hesab edir ki, Moskva ilə İrəvan arasında əsas siyasi fikir ayrılıqlarından biri Ermənistanın Avropa İttifaqına inteqrasiya kursudur: ” Paşinyan özü də etiraf edir ki, Ermənistan eyni zamanda həm Aİ-nin, həm də Avrasiya İqtisadi İttifaqının üzvü ola bilməz. Noyabrda Moskvanın qaz qiymətlərinə və təchizat şərtlərinə yenidən baxılması təklifini göndərməsi dekabr danışıqlarının iqtisadi tərəfini daha da aktuallaşdırır. Dekabrın 11-də Moskvada Avrasiya İqtisadi İttifaqının hökumət başçıları səviyyəsində toplantı, dekabrın 21-də isə Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi görüşü nəzərdə tutulur. Bu səbəbdən səfərlərin hamısını sırf ikitərəfli danışıqlar kimi qiymətləndirmək düzgün olmaz. Tərəflər qarşılıqlı ittihamları azaltmağa və siyasi dialoqu davam etdirməyə çalışa bilərlər. Qaz, ticarət və Avrasiya İqtisadi İttifaqı çərçivəsində problemlərin həlli istiqamətində addımlar atıla bilər”.

Avropa Ermənistana qapılarını açdı – O sənəd imzalandı…

Politoloq qeyd edib ki, Paşinyan üçün əsas məsələ Ermənistanın Avropa istiqamətindəki siyasətini davam etdirərkən Rusiya ilə iqtisadi və təhlükəsizlik əlaqələrində ciddi itkilərin qarşısını almaqdır: “Rusiya Paşinyanın Avropaya inteqrasiya siyasəti ilə barışaraq Ermənistanla praqmatik əməkdaşlığı davam etdirəcək, yoxsa iqtisadi və siyasi münasibətlərdən İrəvanın xarici siyasətinə təsir vasitəsi kimi istifadə etməyə çalışacaq?
Dekabr görüşlərinin nəticələri məhz bu sualın cavabını aydınlaşdırmağa kömək edəcək. Bu məsələlərdə razılıq əldə olunmasa, iqtisadi müstəvidə əlavə problemlər yarana bilər. Noyabrda Moskvanın qaz təchizatı şərtlərinə yenidən baxılması təklifini göndərməsi artıq danışıqların konkret iqtisadi məsələlərə keçdiyini göstərir. Dekabr görüşlərindən sonra münasibətlərin dərhal kəskin şəkildə pozulacağını söyləmək üçün əsas yoxdur. Lakin əvvəlki münasibət modelinin bərpası da asan görünmür. Əsas sınaq Ermənistanın Qərblə yaxınlaşması ilə Rusiyanın regional maraqları arasında hansı kompromisin tapılacağıdır”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir