Tanklar küçələrdə, F-35-lər səmada – Avropa tarixində görünməmiş…
Polşa avqustun 15-də Silahlı Qüvvələr Gününü ölkə tarixinin ən böyük hərbi paradı ilə qeyd etməyə hazırlaşır.
Musavat.com xəbər verir ki, Varşavada keçiriləcək möhtəşəm güc nümayişində minlərlə hərbçi, yüzlərlə hərbi texnika və onlarla döyüş təyyarəsi iştirak edəcək.
Paytaxt küçələrindən təxminən 1800 hərbçi keçəcək. Paradda 300-dən çox quru hərbi texnikası və 60-a yaxın hava vasitəsi nümayiş etdiriləcək.
Hərbi paradda Abrams, Leopard və K2 tankları, Borsuk piyadaların döyüş maşınları, Rosomak zirehli transportyorları, Krab özüyeriyən haubitsaları, HIMARS reaktiv yaylım atəşi sistemləri, Patriot və Poprad hava hücumundan müdafiə sistemləri yer alacaq.
Varşava səmasında isə Polşanın F-35 və F-16 qırıcıları, Apache, Black Hawk və AW-149 helikopterləri uçacaq.
Parada Polşa hərbçiləri ilə yanaşı, ABŞ, Kanada, Avstraliya, Litva, Estoniya, İsveç, Rumıniya və Fransadan olan hərbçilər də qatılacaq.
Eyni vaxtda Qdınya və Qdanskda dəniz paradı keçiriləcək. Burada 20-dən çox hərbi gəminin iştirakı nəzərdə tutulur.
Beləliklə, Varşava Silahlı Qüvvələr Günündə son illərdə əldə etdiyi hərbi imkanları quruda, havada və dənizdə nümayiş etdirəcək.