Pezeşkianın Bakı mesajının arxasında nə dayanır?

Reklam sahəsi

Azərbaycan-İran münasibətlərində son dövrdə diqqətçəkən siyasi canlanma müşahidə olunur. Uzun müddət bir sıra məsələlər ətrafında fikir ayrılıqları və qarşılıqlı narazılıqların müşahidə edildiyi Bakı-Tehran xəttində indi dialoq və əməkdaşlığın gücləndirilməsinə yönələn mesajlar daha qabarıq şəkildə səslənir. Xüsusilə İran prezidenti Məsud Pezeşkianın Azərbaycanın müharibə zamanı İrana əhəmiyyətli yardım göstərdiyini açıq şəkildə bəyan etməsi və bu dəstəyi yüksək qiymətləndirməsi münasibətlərdə yeni siyasi atmosferin formalaşması baxımından diqqət çəkir.

Prezident İlham Əliyevin İran prezidentinin açıqlamasına verdiyi cavab da qarşılıqlı münasibətlər baxımından mühüm mesaj kimi qiymətləndirilir. Dövlət başçısı Azərbaycan və İran xalqlarının çətin və ağır günlərdə hər zaman bir-birinin yanında olduğunu vurğulayıb.

Digər tərəfdən, son dövrdə aparılan diplomatik danışıqların praktiki nəticələri də diqqət çəkir. Belə ki, nəqliyyat marşrutlarının fəaliyyəti ilə yanaşı, İran bankının Azərbaycandakı və Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa olunması iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində konkret addımların atıldığını göstərir.

Bəs Azərbaycan-İran münasibətlərində həqiqətən yeni səhifə açılırmı? 

qabil.jpg (172 KB)

Mövzu ilə bağlı professor Qabil Hüseynli Musavat.com-a danışıb:

“İran prezidenti Məsud Pezeşkian diplomatik proseslərin bütün qaydalarını mənimsəmiş bir siyasətçidir. Xüsusilə də öz azərbaycanlı kimliyi ilə fəxr edən və Azərbaycan kimi müstəqil dövlətin mövcudluğuyla qürur duyan bir insandır. Mən onun hər sözünə inanıram. Onun təkcə Azərbaycanla bağlı deyil, bütün dünya üçün səsləndirdiyi fikirlərin arxasında dürüstlük, səmimiyyət və intellektual yanaşma dayanır. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, biz Pezeşkianın Azərbaycana yönəlik hər bir sözünə inanmalıyıq. Hesab edirəm ki, o, İrandakı azərbaycanlıları necə böyük məhəbbətlə sevirsə, eyni məhəbbəti şimaldakı müstəqil Azərbaycan dövlətinə də bəsləyir. Həddindən artıq alicənab bir insan olduğuna görə artıq neçənci dəfədir ki, Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinin və bu əlaqələrin inkişafına dəstək göstərilməsinin vacibliyini vurğulayır. Çünki bu əlaqələr nə qədər möhkəmlənsə, İranın qüdrəti və gücü də bir o qədər artar. Pezeşkianın növbəti bəyanatı da, mənim qənaətimcə, səmimiyyətlə səsləndirilmiş fikirlərdir. Ona görə də bu sözləri eyni səmimiyyətlə qarşılamaq lazımdır. O taylı-bu taylı Azərbaycanı bir-birindən ayırmayan, hər iki tərəfi eyni mənəvi və tarixi bağların parçası hesab edən insanlarımız var. Mənim düşüncəmə görə, Pezeşkian da qəlbinin dərinliyində o tayla bu tayı bir-birindən ayırmır. O, hər iki tərəf arasında möhkəm qardaşlıq və yaxın əməkdaşlıq tellərinin qurulmasını, münasibətlərdə heç bir fərqin və yadlaşmanın olmamasını istəyir”.

iran_azerbaycan.jpg (79 KB)

Qabil Hüseynli eyni zamanda İranın siyasi strukturları ilə İran xalqının mövqeyinin bir-birindən fərqləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, SEPAH-ın ayrı-ayrı nümayəndələrinin Azərbaycanla bağlı səsləndirdiyi sərt fikirlər bütövlükdə İran xalqının mövqeyi kimi qəbul edilməməlidir:

“Biz SEPAH-la İran xalqı arasında fərq qoymalıyıq və qoyuruq. Doğrudur, İranda bəzi ağzını boş qoyub Azərbaycanın ünvanına hədyan sözlər söyləyən SEPAH üzvləri var. Amma o adamların sözü İran cəmiyyətində elə bir rezonans doğura bilmir. Son dövrlərdə Azərbaycan-İran münasibətləri inkişaf etməkdədir. Məsələn, “Şimal-Cənub” dəmir yolu xətti – Sankt-Peterburqdan başlayacaq, Rusiya, Azərbaycan və İran ərazisindən keçib Bəndər-Abbas limanına qədər çıxacaq bu böyük dəmir yolu magistralı dünya logistika tarixində böyük rol oynayacaq. Həmçinin, iki ölkə arasında ticarət əlaqələri də inkişaf etməkdədir. Gediş-gəlişin əvvəlki səviyyədə olmamasına baxmayaraq, iqtisadi münasibətlərdə artım müşahidə olunur. Azərbaycana müxtəlif məhsullar, tikinti materialları, kafel məmulatları gətirilir, hətta Neftçalada bizim üçün avtomobil zavodu da tikib istifadəyə veriblər. Bütün bunlar qarşılıqlı ticarət əlaqələrinin günbəgün böyüməsidir. Gələcəkdə də yeni layihələr var və bu layihələr reallaşsa, İran-Azərbaycan münasibətləri ideal səviyyəyə qalxacaq”. /Musavat.com

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir