ABŞ və Qərb Ukryanaya yenə hərbi dəstəyi niyə azaldır: Rusiya isə “gizli səfərbərlik”lə “qanlı payız” planı qurur
ABŞ-ın yeni siyasi-diplomatik təşəbbüsü əslində, yalnız sülh danışıqları masasında deyil, həm də Rusiya və Ukraynanın müharibəni davam etdirmək potensiallarının qiymətləndirilməsinə paralel şəkildə formalaşır… Əgər, Ağ Ev real danışıqlar mexanizmi yaradarsa, onda, yeni siyasi mərhələnin “qapı”sı açılar, əks haldasa, Qərbin hərbi resurs çatışmazlığı və Rusiyanın əlavə canlı qüvvə toplamaq cəhdləri bu savaşın daha uzunmüddətli xarakter almasına səbəb ola bilər…
Ukrayna müharibəsinin davam etməsinə paralel olaraq, siyasi-diplomatik kanallar üzərindən olduqca ciddi fəallaşma da müşahidə edilir. ABŞ prezidentinin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin yaxın vaxtlarda Rusiya və Ukrayna paytaxtlarına gözlənilən səfərləri barədə məlumatlar Ağ Evin bu müharibənin siyasi həlli istiqamətində yeni fəaliyyət mərhələsinə keçmək niyyətini göstərir. Və bu məlumatlar hələ rəsmi təsdiqini tam almasa da, ABŞ-ın dövlət katibi Marko Rubionun yaxın vaxtlarda sülh danışıqlarının intensivləşdirilməsinin vacibliyi ilə bağlı son açıqlamaları yeni prosesin başlanmaq üzrə olduğunu biruzə verir.
Onu da qeyd etmək lazımdır ki, indiki situasiyada əsas məsələ yalnız gözlənilən həmin səfərlərin baş tutub-tutmayacağı ilə bağlı deyil. Belə ki, hazırda daha önəmli məqam Ağ Evin Kremlə və rəsmi Kiyevə hansı şərtlər daxilində yeni siyasi-diplomatik çərçivə təqdim edə biləcəyinə bağlıdır. Çünki əgər, Stiv Uitkoff və Cared Kuşner həqiqətən hər iki paytaxta səfər etsələr, bu, ABŞ-ın qarşıduran tərəflərin mövqelərini nisbətən yaxınlaşdırmaq üçün birbaşa siyasi-diplomatik təzyiq mexanizmini gücləndirməyə çalışdığını da göstərə bilər.

Maraqlıdır ki, son vaxtlar Rusiya kimi, Ukrayna üçün də hərbi-siyasi vəziyyətin digər tərəfi isə getdikcə, daha mürəkkəb xarakter almağa başlayıb. Yəni, Ukraynanın hava hücumundan müdafiəsi və ümumilikdə isə hərbi təchizatı prosesində Avropa dövlətlərinin real imkanlarının ciddi şəkildə məhdudlaşması artıq ayrı-ayrı “qoca qitə” ölkələrinin rəsmi açıqlamalarında da özünü birizə verir. Belə ki, Finlandiyanın müdafiə naziri Antti Hyakkaenen ölkəsinin Ukraynaya əlavə hava hücumundan müdafiə raketləri verməklə, özünün müdafiə potensialını riskə ata bilməyəcəyini vurğulayıb. Və onun fikrincə, hazırda mövcud olan çatışmazlığın əsas həlli məhz ABŞ-da silah-sursat istehsalının mümkün qədər sürətləndirilməsindən keçir.
Təbii ki, finlandiyalı nazirin bu açıqlaması Avropa məkanında formalaşan daha genişmiqyaslı problemin real göstəricisi kimi də qiymətləndirilə bilər. Belə ki, rəsmi Kiyevə siyasi dəstək davam etsə də, Avropa ölkələrinin öz hərbi ehtiyatlarını tükəndirmədən Ukraynaya əvvəlki miqyasda hərbi yardım göstərməsi getdikcə, daha da çətinləşir. Və Ukraynanın Rusiyanın dərinliklərinə dağıdıcı zərbələr endirməklə, savaş meydanında hərbi təşəbbüsü ələ keçirtmək üzrə olduğu bir mərhələdə rəsmi Kiyevə kifayət qədər ciddi problemlər yarada bilər.
Bu baxımdan, Türkiyə üzərindən Ukraynaya əlavə hərbi yardımların ötürülməsi barədə ABŞ Konqresinə təqdim edilmiş bildiriş böyük maraq doğurur. Həmin sənəddə Türkiyənin Ukraynaya ABŞ istehsalı olan müəyyən hərbi sistem və silah-sursatları ötürmək niyyətindən bəhs olunur. Bu, Ağ Evin Ukraynanın hərbi imkanlarının qorunmasına hələ də siyasi dəstək verdiyini göstərir. Və eyni zamanda, Avropa ölkələrinin birbaşa ehtiyatlarının məhdudlaşmasına alternativ qaynaqların axtarılmasının artıq sürətləndirildiyini də biruzə verir.

Digər tərəfdən, Rusiyadan sızan məlumatlar isə Kremlin də hazırda analoji problemlərlə üzləşdiyini göztərir. Belə ki, həmin məlumatlarda Ukrayna savaşı üçün Rusiya ordusuna müqaviləli hərbçilərin cəlb edilməsinin daha da intensivləşdirilə biləcəyi iddia olunur. Eyni zamanda, Kremlin bu məqsədlə, yenə də “qeyri-rəsmi kütləvi səfərbərlik modeli”ndən istifadə edə biləcəyi ehtimal edilir. Və hazırda Kreml tərəfindən Rusiyada müqaviləli hərbi xidmətə cəlbetmə mexanizmlərinin genişləndirilməsi istiqamətində artıq müəyyən addımların atıldığı müşahidə olunur.
Məsələ ondadır ki, Rusiyada hərbi qeydiyyat və çağırış sisteminin rəqəmsallaşdırılması ilə bağlı prosesin tam sürətilə davam etdirildiyi bildirilir. Rusiyadakı mövcud qaydalara əsasən, çağırış vərəqələri elektron reyestrdə də əks olunur. Ona görə də, hərbi qeydiyyat məlumatlarının dəqiqləşdirilməsi bəhanəsi ilə istənilən vətəndaşa elektron sistem üzrə çağırış vərəqəsinin göndərilməsi tamamilə mümkündür. Və bu baxımdan, Rusiyanın ayrı-ayrı alternativ mediada platformalarının yaydığı “məlumatların dəqiqləşdirilməsi adı altında gizli səfərbərlik” iddiaları müəyyən mənada, reallığa çevrilə də bilər.
Onu da qeyd etmək lazımdır ki, bütün bu baş verənlərin məntiqi nəticəsi olaraq, daha böyük geopolitik proseslərin ön plana çıxaması da artıq inkaredilməz reallıqdır. Belə ki, bir tərəfdən ABŞ Ukrayna müharibəsinin inkişaf istiqamətlərini yenidən sülh danışıqları masasına geri qaytarmağa çalışır. Digər tərəfdə isə Rusiya Ukraynaya qarşı işğalçılıq savaşını davam etdirmək üçün canlı qüvvə və hərbi resurs bazasını təmin etməyə cəhd göstərir. Rəsmi Kiyev isə həm siyasi-diplomatik təzyiqləri, həm də Ukraynanın hərbi təchizat məsələsində kollektiv Qərbin imkanlarının ciddi şəkildə məhdudlaşmağa başlamasını nəzərə almaq məcburiyyətində qalıb.

Bu baxımdan, Ağ Ev təmsilçilərinin – Stiv Uitkoff və Cared Kuşnerin gözlənilən Rusiya və Ukrayna səfərləri sülh prosesində yeni mərhələnin başladılması üçün xüsusi əhəmiyyət daşıya bilər. Belə ki, əgər, ABŞ münaqişə tərəflərinin mövqelərini müəyyən qədər yaxınlaşdıra bilsə, onda, Ukrayna savaşının təxminən payız aylarında siyasi yolla həll mərhələsinə keçə biləcəyi qətiyyən istisna deyil. Ancaq bu önəmli mərhələnin qarşısında Rusiyanın ərazi və təhlükəsizlik tələbləri, Ukraynanın isə suverenlik və təhlükəsizlik təminatları ilə bağlı mövqeyi, eləcə də, müharibənin yekun nəticələrinin hər iki münaqişə tərəfi üçün daha qəbul edilə bilən formaya salınması kimi, olduqca ciddi problemlər qalmaqdadır.
Göründüyü kimi, ABŞ-ın yeni siyasi-diplomatik təşəbbüsü əslində, yalnız sülh danışıqları masasında deyil, həm də Rusiya və Ukraynanın müharibəni davam etdirmək potensiallarının qiymətləndirilməsinə paralel şəkildə formalaşır. Ona görə də, əgər, Ağ Ev yaxın vaxtlarda real danışıqlar mexanizmi yarada bilərsə, onda, Ukrayna savaşında yeni siyasi mərhələnin “qapı”sı açıla bilər. Əks haldasa, Avropa ölkələrinin hərbi resurs məhdudiyyətləri və Rusiyanın əlavə canlı qüvvə toplamaq cəhdləri bu müharibənin daha uzunmüddətli xarakter almasına səbəb ola bilər.