Orta Dəhliz Bakıya bu qiymətə başa gələcək – GÖZLƏNTİ

Xəbər verdiyimiz kimi, Dünya Bankı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TCITR) və ya Orta Dəhlizin inkişaf perspektivlərinə dair ikinci hesabatını açıqlayıb.

Hesabatdan aydın olur ki, Dəhlizin inkişafı üçün Azərbaycanın 2040-cı ilə qədər ehtiyac duyduğu prioritet investisiyaların ümumi həcmi 1,16 milyard dollar təşkil edə bilər.
Bu məbləğin əsas hissəsi — 600 milyon dollar uzunmüddətli perspektivdə Bakı-Ələt-Böyük Kəsik dəmir yolu xəttinin tutumunu artırmaq üçün lazım olacaq. Yük daşımalarında gözlənilən artım nəzərə alınmaqla layihənin 2030-cu illərdə başlanması planlaşdırılır.

Dünya Bankı ekspertləri Azərbaycanda quru limanlar şəbəkəsinin yaradılması üçün əlavə 300 milyon dollarlıq investisiya tələb olunduğunu təxmin edirlər. Bura Qara dəniz və Türkiyəyə gedən marşrutlara xidmət edəcək Böyük Kəsik sərhəd keçid məntəqəsində quru liman, Bakı Limanında genişləndirilmiş logistika terminalı və Azərbaycan və Ermənistan vasitəsilə Qarsa gedən yeni Orta Dəhliz marşrutu üçün cənub logistika mərkəzi daxildir.

Hesabatda həmçinin, qeyd olunur ki, bu şəbəkənin inkişafı üçün özəl kapitalın cəlb edilməsi imkanı “Azərbaycan Dəmir Yolları” QSC ilə tərəfdaşlıq çərçivəsində nəzərdən keçirilir. Bakı-Ələt-Böyük-Kəsik dəmir yolu xəttinin modernləşdirilməsini başa çatdırmaq üçün əlavə 260 milyon dollar tələb olunacaq. Layihə artıq həyata keçirilir və Orta Dəhlizin əsas xəttində elektrikləşdirmə sisteminin təkmilləşdirilməsini və müasir siqnalizasiya avadanlıqlarının quraşdırılmasını əhatə edir.

Azərbaycanın Orta Dəhliz Dəhlizi üzrə xərcləri ümumilikdə nə qədərdir? Məlumdur ki, Azərbaycan Orta Dəhliz üçün infrastruktur layihələrinin icrasına 15-16 il əvvəldən başlayıb. Bura ilk növbədə Ələt Dəniz Limanının tikintisi daxildir. Limanın ildə 15 milyon ton yük ötürməyə qadir ilk mərhələsi 2018-ci ildə istifadəyə verilib. Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi çərçivəsində Ələt limanının inkişafı üçün təxminən 1.2 milyard manat (bütün əlaqəli logistik infrastrukturla birlikdə ümumilikdə 3.16 milyard manat) investisiya ehtiyacı müəyyən edilmişdi. Bəzi rəsmi mənbələrdə isə tikinti fazalarının ümumi birbaşa xərclərinin təxminən 870 milyon AZN civarında olduğu qeyd edilir.

Dünya Bankının son hesabatından aydın olur ki, hazırda limanın ötürücülük gücünü 25 milyon tona çatdıracaq genişləndirmə işləri həyata keçirilir. Bu işin dəyərinin 500 milyon dollar olduğu qeyd edilir. Bundan əlavə, Ələtdə özəl “Silk Way West Airlines” şirkəti tərəfindən yükdaşımalar üçün hava limanı inşa edir. İlkin mərhələdə limanın ötürücülük gücü 500 min ton olacaq, gələcəkdə bunun 750 min tona çatdırılması planlaşdırılır.

SImyxHnUlAnDwN5Zud3KpjNlbGR9RNj1Q30deuEr_1200.jpg (129 KB)

Azərbaycan həmçinin Orta Dəhliz layihəsi çərçivəsində Bakı-Tiflis-Qars Dəmiryol xəttinin inşasını maliyyələşdirib. Xəttin ilkin tikintisinə 775 milyon dollar güzəştli kredit ayrılıb. Hazırda başa çatmaq üzrə olan genişləndirmə işləri üçünsə Bakı140 milyon ABŞ dolları əlavə investisiya yönəldib. Bu işlər nəticəsində dəmiryol xəttinin Gürcüstan hissəsində ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılacaq.

Orta Dəhlizin mühüm seqmenti olan dəmiryol infrastrukturuna investisiyalar bununla bitmir. Bakı-Böyük Kəsik dəmiryol xəttinin yenidənqurulması və modernləşdirilməsi işlərinə 15-16 il əvvəldən başlanıb. Mərhələlərlə həyata keçirilən işlərə müxtəlif maliyyə qurumlarından üst-üst 1 milyard dollara yaxın kredit vəsaiti, həmçinin dövlətin öz vəsaiti cəlb olunub.

Azərbaycan həmçinin dəhlizlə Mərkəzi Asiyadan göndərilən yüklərin daşınması üçün Xəzər dənizindəki yük donanmasının yenilənməsinə böyük həcmdə vəsait sərf edir, proses hələ də davam etdirilir.

Nəhayət, Azərbaycan hökuməti Orta Dəhlizin bir qoluna çevriləcək Zəngəzur dəhlizinin yaradılması üçün öz vəsaitləri hesabına mühüm layihələr həyata keçirir.

Beləliklə, üst-üstə topladıqda, ölkənin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə infrastruktura çəkdiyi xərclərinin 10 milyard dollara yaxın, bəlkə də bir qədər yüksək olduğu aydınlaşır. Bu qədər xərclərin qarşılığında Azərbaycan dəhlizdən nə qədər fayda götürəcək? Ölkənin qazancı nə olacaq?

a04f105e-24c8-3b9b-9629-5cc6c77918a8_1200.jpg (220 KB)

Dünya Bankının “İnteqrasiya: Trans-Xəzər nəqliyyat marşrutu boyu yüksək səviyyəli ticarət logistikası” hesabatına görə, Orta Dəhlizin imkanlarından tam istifadə Azərbaycan üçün ümumi daxili məhsulun (ÜDM) əlavə olaraq 1,84 faiz artımını təmin edə bilər.

Hesabatda bildirilir ki, bu artım cari qiymətlərlə təxminən 1,3 milyard dollar məbləğində qiymətləndirilir. Orta Dəhlizin inkişafı Azərbaycanda ümumi məşğulluğun da 1,5 faiz artmasına imkan yarada bilər.

Bank ekspertlərinin qiymətləndirməsinə görə, Azərbaycanda iqtisadi artıma əsas töhfəni tranzit yükdaşımalarından əldə olunan gəlirlərin artması, liman və dəmir yolu sektorlarında fəallığın genişlənməsi, həmçinin Mərkəzi Asiya və Avropa ölkələri ilə ticarət əlaqələrinin dərinləşməsi verəcək.

Qeyd olunur ki, bu potensiala nail olmaq üçün Azərbaycanda nəqliyyat infrastrukturunun inkişafı ilə yanaşı, gömrük prosedurlarının sürətləndirilməsi, rəqəmsal həllərin tətbiqi və dövlət nəqliyyat şirkətlərində islahatların davam etdirilməsi vacibdir.

Dünya Bankı analitiklərinin hesablamalarına əsasən Orta Dəhlizin inkişafı uzunmüddətli perspektivdə marşrut üzrə iştirakçı ölkələrin ümumi ÜDM-ni 3,3 faiz və ya cari qiymətlərlə təxminən 58 milyard dollar artıra bilər. Bu ölkələrdə ümumi məşğulluq isə 2,9 faiz artacaq.

BZd3ypwUUAXMIUB2Iy9kbmNOU7V5YT9kxp23mtq3_1200.jpg (147 KB)

Dünya Bankının bu hesablamaları təqribi və mövcud şərtlər əsasında aparılıb. Son onilliyin təcrübəsi göstərir ki, geosiyasi qarşıdurmalar qısa müddətdə qlobal ticarət və iqtisadi əlaqələrin xəritəsini kəskin şəkildə dəyişə bilir. Bu baxımdan, hesabatda nəzərdə tutulan dövrdə – 2040-cı ilədək proseslərin istiqamətini müəyyənləşdirmək faktiki olaraq mümkünsüzdür.

Digər tərəfdən, hesabat Azərbaycanın dəhlizlə yükdaşımalardan əldə edəcəyi birbaşa gəlirləri nəzərə alıb. Halbuki layihənin dolayı gəlirləri də kifayət qədər yüksək ola bilər. Ələt Azad İqtisadi Zonasının fəaliyyətindən gözlənilən nəticələr əldə olunarsa, Orta Dəhlizdən daha böyük faydalar götürülə bilər. Bütün bunlar, əlbəttə, Azərbaycanın atacağı addımlardan, dəhliz və ona bağlı layihələrin uğuru üçün yaradılacaq şərtlərdən birbaşa asılıdır.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir