Belarus Prezidenti Aleksandr Lukaşenko Fars körfəzi və Cənub-Şərqi Asiya dövlətlərinə turneyə yollanıb.
Elchi.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın olan “Pul pervogo” “Telegram” kanalı məlumat yayıb.
Belarusun 1 nömrəli təyyarəsi artıq Maskat şəhərinin hava limanında eniş edib. Belarus dövlətinin başçısını Oman İnvestisiya Agentliyinin prezidenti Əbdülsalam Məhəmməd əl-Murşidi qarşılayıb.
Omana səfər çərçivəsində ölkələr arasında əvvəlki ali səviyyəli görüşlərin yekunları üzrə əldə olunmuş razılaşmaların, o cümlədən Lukaşenkonun ötən il Omana və Oman Sultanı Heysam bin Tariq Əl Səidin Belarusa qarşılıqlı səfərlərinin inkişafı ilə bağlı verilmiş tapşırıqların icrasının yoxlanılması nəzərdə tutulur.
Daha əvvəl Vyetnam Xarici İşlər Nazirliyi Lukaşenkonun dekabrın 1-dən 3-dək bu ölkəyə səfər edəcəyini bildirmişdi. Nazirliyin məlumatına görə, səfər Vyetnam Prezidenti To Lamın dəvəti ilə baş tutacaq.
“Telegram” kanalının məlumatına əsasən, Belarusla ciddi tərəfdaşlıq və qədim dostluq münasibətləri olan Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də zəngin işgüzar proqram gözlənilir. Prezident Əbu-Dabidə ali səviyyəli ikitərəfli gündəlikdən əlavə, BMT Konfransında iştirak edəcək və bir sıra görüşlər keçirəcək.
Məryəm