Kongo Demokratik Respublikasında Ebola riskinə görə gəmi saxlanılıb
Kongo Demokratik Respublikasının (KDR) hakimiyyət orqanları Kinşasa yaxınlığında ehtimal ki, Ebola qızdırmasından ölmüş şəxsin olduğu gəminin saxlanılması ilə bağlı ölkə paytaxtının sakinlərini təşvişə düşməməyə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Okapi” radiostansiyası məlumat verib.
KDR hökumətinin rəsmi nümayəndəsi Patrik Muyaya Kinşasada keçirilən mətbuat konfransında bildirib ki, Çopo əyalətinin Kisanqani şəhərindən Kongo çayı ilə hərəkət edən gəmi paytaxtdan 65 km aralıda saxlanılıb. Gəminin göyərtəsində Kinşasadan 1,2 min km məsafədə yerləşən Pimu yaşayış məntəqəsində gəmiyə minmiş bir şəxs olub. Sonradan həmin şəxs Ebolaya bənzər simptomlarla dünyasını dəyişib. Profilaktik tədbir olaraq gəmidəki bütün 200 sərnişinin Ebola virusuna qarşı yoxlanılmasına başlanılıb. Qan analizlərinin tədqiqi üçün yaxınlıqda mobil laboratoriya qurulub.
KDR-in səhiyyə naziri Samüel Kamba gəminin göyərtəsində çoxlu sayda insanın ölməsi barədə yayılan şayiələri təkzib edib.
Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusunun ehtimal olunan nüfuz etməsinin qarşısını almaq və təxirəsalınmaz cavab tədbirlərini həyata keçirmək üçün Kinşasanın girişindəki Malukuda nəzarət məntəqəsinin profilaktik məqsədlə açıldığını elan edib.
Məryəm