Fransa ABŞ-ın “hərbi biznes”nə sarsıdıcı zərbə vurur: Dünya nəhəngləri yeni “Ukrayna savaşı”na başlayır
Dünya nəhəngləri müharibədən sonrakı Ukraynanın geoiqtisadi və geopolitik gələcəyinin müəyyən olunması prosesinə nəzarət uğrunda amansız mübarizəyə artıq indidən başlayıblar… Və belə anlaşılır ki, savaşın nə vaxt və necə başa çatmasından asılı olmayaraq, Ukrayna üzərində böyük güclərin qarşıdurması bundan sonra da hələ uzun müddət davam edəcək…
Ukrayna ətrafında geopolitik proseslər artıq daha təhlükəli istiqamətlərə yönəlməyə başlayıb. Belə ki, Rusiya ilə savaşa paralel olaraq, Ukraynanın təbii sərvətləri, müdafiə sənayesi, enerji infrastrukturu və hətta strateji tərəfdaşlıqlarına belə, nəzarət uğrunda da böyük güclər arasında rəqabət getdikcə, kəskinləşir. Düzdür, ABŞ, Avropa Birliyi, Çin və Kanada Ukrayna məsələsində fərqli maraqlardan çıxış edirlər. Ancaq onların hamısının əsas hədəfində Ukraynanın müharibədən sonra yeni geopolitik və geoiqtisadi sistemin önəmli dayaqlarından birinə çevrilmə ehtimalı dayanır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın bir müddət öncə Ukraynanın təbii sərvətləri ilə bağlı açıqlaması bu reallığın ən sərt ifadəsi kimi qəbul olunur. Belə ki, Ağ Ev sahibinin iddiasına görə, 2025-ci ilin aprelində imzalanmış “mineral sazişi” ABŞ-a Ukraynaya “istənilən vaxt daxil olmaq” və oradakı resurslardan geniş şəkildə istifadə imkanları verir. Həmin sazişin mahiyyəti ABŞ şirkətlərinə Ukraynanın təbii sərvətlərinin istismarında prioritet hüquqların verilməsi ilə bağlıdır. Və bu, Ukraynanın ABŞ üçün yalnız hərbi-siyasi müttəfiq deyil, həm də böyük iqtisadi-strateji əhəmiyyət daşıyan təbii resurs məkanı olduğunu göstərir.
2-yeni-ukr-4.JPG (46 KB)
Buna paralel olaraq, prezident Donald Tramp Bayden administrasiyası dövründə ABŞ-ın Ukraynaya verdiyi hərbi dəstəyin miqyasını xüsusilə qabartmağa da böyük həvəs göstərir. Ağ Ev sahibi keçmiş prezident Co Baydeni ABŞ-ın silah ehtiyatlarını ciddi şəkildə azaltmaqda ittiham edir. Onun fikrincə, Bayden administrasiyası Ukraynaya yüz milyardlarla dollar dəyərində hərbi yardım göstərib. Və indi Tramp administrasiyası isə Ukraynaya verilən silahların dəyərinin məhz Avropa Birliyi tərəfindən ödənilməsinin vacibliyini hər imkanda ön plana çıxartmağa çalışır. Yəni, Ağ Ev sahibi ABŞ-ın “hərbi donor” statusunu Avropa Birliyinin Ukrayna ilə bağlı maliyyə yükünü artırmaqla, dəyişmək istəyir.
Əgər, prezident Donald Trampın bu yeni “faydalı modeli” reallaşarsa, Ukrayna müharibəsi ABŞ üçün yalnız təhlükəsizlik və xarici siyasət məsələsi olmaqdan çıxacaq, böyük iqtisadi gəlir mexanizminə çevriləcək. Avropa Birliyi isə həm Ukraynanın maliyyələşdirilməsini, həm də ABŞ istehsalı olan silahların alınmasını reallaşdıran “hərbi fonda” çevrilmiş olacaq. Və bu baxımdan, Fransanın bu məsələ ilə bağlı yeni təşəbbüsü məhz ABŞ-ın planlarının pozulmasına hesablanmış kimi görünür.
Məsələ ondadır ki, rəsmi Paris Avropa Birliyinin Ukraynaya ayırdığı maliyyə vəsaitləri hesabına Avropadan kənarda istehsal olunmuş silahların alınmasına imkan verən hüquqi istisnaların aradan qaldırılmasını istəyir. Beləki, hazırda Ukrayna Avropa Birlyinin maliyyəsi hesabına Çin komponentləri ilə təchiz edilmiş PUA-lar və ABŞ istehsalı olan “Patriot” raketləri kimi önəmli silahlar əldə edə bilir. Və bunun əsas səbəbi isə Avropa ölkələrində müdafiə sənayesinin yetərli istehsal gücünə və silah analoqlarına malik olmaması ilə bağlıdır.
2-yeni-ukr-3.JPG (49 KB)
Ancaq rəsmi Paris isə hesab edir ki, Avropa Birliyinin maliyyə vəsaitləri ilk növbədə “qoca qitə” ölkələrində müdafiə sənayesinin inkişafına yönəldilməlidir. Bu, əslində, daha böyük geopolitik mübarizənin önəmli göstəricisi kimi qəbul oluna bilər. Belə ki, Fransa Avropa Birliyinin Ukrayna ucbatından ABŞ-ın müdafiə sənayesindən asılılığının daha da artmasını qətiyyən istəmir. Yəni, rəsmi Paris bunun qarşısını almaq üçün Avropa ölkələrinin hərbi-sənaye kompleksinin gücləndirilməsinin vacibliyini qabardır. Və bu, o deməkdir ki, Ukrayna savaşı üzərindən Rusiya ilə mübarizənin aparılmasına paralel olaraq, Avropa məkanında həm də qlobal silah bazarı, eləcə də strateji müstəqillik uğrunda savaş daha da dərinləşir.
Bütün bunlarla yanaşı, son vaxtlar Çin faktorunun da Ukrayna savaşı ətrafındakı geopolitik proseslərə təsir göstərməyə başlaması qlobal geopolitik situasiyanı daha da mürəkkəbləşdirir. Belə ki, bir müddət öncə rəsmi Pekin Ukraynadan Çinin yüksək rütbəli nümayəndəsinin Rusiyanın Vladivostok şəhərinə səfəri zamanı həmin istiqamətə hərbi zərbələrin endirməməsini xahiş etmişdi. Və bu, o deməkdir ki, dünyanın ən nəhəng dövlətlərindən biri olan Çin də artıq öz siyasi-diplomatik, eləcə də hərbi-strateji maraqları çərçivəsində Ukrayna müharibəsinin inkişaf istiqamətlərinə təsir göstərməyə çalışır.
Təbii ki, belə qəliz proseslərin cərəyan etdiyi indiki mərhələdə Ukraynanın Kanada ilə imzaladığı “100 illik tərəfdaşlıq” deklarasiyası, rəsmi Kiyevin kollektiv Qərb daxilində özünə daha uzunmüddətli siyasi və təhlükəsizlik dayaqları yaratmaq strategiyası üzrə hərəkət etməyə çalışdığını göstərir. Son məlumatlara görə, həmin saziş müdafiə və təhlükəsizlikdən tutmuş ticarətə, Ukraynanın bərpasına, energetikaya, təbii sərvətlərin istismarına və yüksək texnologiyalara qədər geniş sahələri əhatə edir. Və rəsmi Ottavanın Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün 350 milyon Kanada dolları həcmində yeni yardım paketi elan etməsi də bu yeni tərəfdaşlığın yalnız siyasi bəyanat səviyyəsində qalmayacağını göstərir.
2-yeni-ukr-1.JPG (101 KB)
Digər tərəfdən, ABŞ-ın Ukraynanın təbii sərvətlərinə marağının yenidən artdığı bir vaxtda Kanadanın da bu resurslara doğru yönəlməyə çalışması kifayət qədər ciddi cavabsız suallar da yaradır. Bununla belə, Kanadanın rəsmi Kiyevlə bu sahə üzrə üzünmüddətli əməkdaşlığa can atması Ukraynanın təbii sərvətlərinin yaxın gələcəkdə necə böyük geoiqtisadi əhəmiyyət qazana biləcəyini də göstərir. Bütün bunlardan isə belə nəticə çıxartmaq olar ki, hazırda Ukrayna ətrafında paralel şəkildə bir neçə önəmli geopolitik və geoiqtisadi proses cərəyan edir.
Belə anlaşılır ki, dünya nəhəngləri rəsmi Kiyevin Rusiya ilə savaşına paralel olaraq, artıq müharibədən sonrakı Ukraynanın geoiqtisadi və geopolitik gələcəyinin müəyyən olunması prosesinə nəzarət uğrunda elə indidən amansız mübarizəyə başlayıblar. Bu baxımdan, rəsmi Kiyevin qarşısında hazırda olduqca mürəkkəb seçim məcburiyyətinin dayandığı da qətiyyən şübhə doğurmur. Və görünən odur ki, müharibənin nə vaxt və necə başa çatmasından asılı olmayaraq, Ukrayna üzərində böyük güclərin qarşıdurması bundan sonra da hələ uzun müddət davam edəcək.