Dünya

Çində keçmiş yüksək vəzifəli məmur rüşvətə görə ölüm cəzası alıb

Çində keçmiş yüksək vəzifəli məmur rüşvətə görə ölüm cəzası alıb

Çində məhkəmə Quanşi-Çjuan Muxtar Rayonunun partiya komitəsi katibinin keçmiş müavini və hökumət sədri Lan Tyanlini iki il müddətinə icrası təxirə salınmaqla ölüm cəzasına məhkum edib. O, 587 milyon yuandan (88 milyon dollar) artıq məbləğdə rüşvət almaqda təqsirli bilinib.

Elchi.az xəbər verir ki, bu barədə Çin Xalq Ali Prokurorluğu məlumat yayıb.

İstintaq müəyyən edib ki, Lan Tyanli 2008–2025-ci illərdə regionda rəhbər vəzifələrdə çalışarkən xidməti mövqeyindən sui-istifadə edərək təşkilatlara və ayrı-ayrı şəxslərə biznesin aparılmasında, podratların əldə olunmasında və vəzifələrə təyinatda kömək göstərib.

Məhkəmə Lan Tyanlinin cinayət əməllərinin dövlətə və xalqa xüsusilə ağır zərər vurduğunu qeyd edib. O, siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub. Qanunsuz gəlirlər və faizlər dövlət xəzinəsinə yönəldilib.

Lan Tyanli doğru ifadələr verib və istintaqla əməkdaşlıq edib. O, təqsirini etiraf edib, peşmanlıq bildirib və qanunsuz gəlirlərin əhəmiyyətli hissəsini geri qaytarıb. Bununla əlaqədar iki ildən sonra ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunacaq.

                                                                                     Məryəm

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir