Blokadadan inkişaf və tranzit mərkəzinə: İlham Əliyevin Naxçıvan səfərinin böyük mənzərəsi

Reklam sahəsi

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri sıradan işgüzar səfər təsiri bağışlamadı. Səfər çərçivəsində təqdim olunan layihələr, dövlət başçısının Azərbaycan Televiziyasına verdiyi geniş müsahibədə səsləndirdiyi mesajlar və səfərin ertəsi günü Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı imzalanan 258 milyon manatlıq Sərəncam göstərdi ki, söhbət artıq yalnız ayrı-ayrı obyektlərin tikintisindən getmir. Qarşıdakı illər üçün Naxçıvanın tamamilə yeni inkişaf modelinin konturları müəyyənləşdirilir.

Bu baxımdan Prezidentin Naxçıvan səfərini bir neçə istiqamətin-təhlükəsizlik, enerji, nəqliyyat, sənaye, sosial siyasət, şəhərsalma, turizm, tarixi irsin qorunması və idarəetmə islahatlarının vahid strategiyada birləşdirilməsi kimi qiymətləndirmək mümkündür.

NAXCİV.jpg (84 KB)

Daha mühüm məqam isə budur ki, dövlət başçısının özünün vurğuladığı kimi, bu, onun Prezident kimi Naxçıvana 17-ci səfəridir. Prezident müsahibəsində hər səfərin böyük məna daşıdığını və əvvəlki illərdə həyata keçirilmiş layihələrin bugünkü tədbirlərlə davam etdirildiyini bildirdi. Yəni 11 avqust səfəri əvvəlki mərhələnin yekunu yox, yeni mərhələnin başlanğıcıdır. Naxçıvanın Azərbaycan dövlətçiliyində xüsusi yeri heç vaxt yalnız coğrafi mövqeyi ilə müəyyənləşməyib. Bu qədim diyar həm dövlətçilik tariximizin mühüm səhifələrinin yazıldığı, həm də XX əsrin sonlarında Azərbaycanın müstəqillik mübarizəsinin ən kritik mərhələlərinin yaşandığı məkanlardan biridir.

Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyəti bunun ən parlaq nümunəsidir. 1990-cı il noyabrın 17-də üçrəngli bayrağın Naxçıvanda dövlət bayrağı kimi qəbul edilməsi, “Sovet Sosialist” sözlərinin muxtar respublikanın adından çıxarılması kimi qərarlar Azərbaycanın müstəqillik tarixində mühüm siyasi hadisələr idi. Prezident İlham Əliyev də müxtəlif çıxışlarında Naxçıvanın Heydər Əliyevin dövlətçilik fəaliyyətindəki xüsusi rolunu dəfələrlə vurğulayıb. Bu gün isə həmin siyasi-mənəvi irs yeni iqtisadi və geosiyasi reallıqlarla tamamlanır.

HEYDER.jpeg (81 KB)

Prezidentin səfər zamanı verdiyi mesajlardan aydın olur ki, Naxçıvanın qarşısında duran əsas məsələ artıq yalnız mövcud imkanları qorumaq deyil. Məqsəd Naxçıvanı Azərbaycan daxilində yüksək inkişaf standartlarına malik, eyni zamanda regional və beynəlxalq iqtisadi proseslərə fəal şəkildə qoşulan mühüm mərkəzə çevirməkdir.

Naxçıvanın coğrafi xüsusiyyəti onun təhlükəsizlik məsələsini də hər zaman xüsusi aktuallıqda saxlayıb. Prezident müsahibəsində ilk növbədə məhz müdafiə potensialının gücləndirilməsini xüsusi qeyd etdi. Dövlət başçısı bildirdi ki, Naxçıvanda yeni komando hərbi hissələrinin yaradılması, müasir texnika ilə təchizat və Əlahiddə Ümumqoşun Ordunun gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Prezidentin sözlərinə görə, Naxçıvanın əsas Azərbaycan ərazisi ilə birbaşa coğrafi bağlantısının olmaması onun təhlükəsizliyinə daha böyük diqqət göstərilməsini zəruri edir. Bu mesajın siyasi mənası kifayət qədər aydındır. Azərbaycan Naxçıvanın təhlükəsizliyini təmin edən hərbi imkanları artıq əvvəlki mərhələdə olduğu kimi yalnız müdafiə xarakterli faktor kimi deyil, gələcək iqtisadi və nəqliyyat inkişafının əsas dayaqlarından biri kimi nəzərdən keçirir. Başqa sözlə, güclü Naxçıvan modeli “təhlükəsizlik + enerji + nəqliyyat + sənaye + sosial rifah” formuluna keçir.

Səfər çərçivəsində ən mühüm iqtisadi hadisələrdən biri də Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. 310 hektar ərazini əhatə edəcək park Naxçıvanın iqtisadiyyatının şaxələndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və məşğulluğun artırılması baxımından strateji əhəmiyyət daşıyır. Parkın xarici və daxili infrastrukturunun – elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat, istehsal və sosial obyektlərin yaradılması nəzərdə tutulur.

Kb0qy3RHNXTcdrVB3TAiXrSW4u9lwjt8PkqSLbqp_1200.jpg (377 KB)

Burada diqqət çəkən başqa mühüm məqam isə Prezidentin müsahibəsində açıqladığı 300 meqavatlıq istilik elektrik stansiyası layihəsidir. Dövlət başçısının sözlərinə görə, Naxçıvanın hazırkı generasiya gücü təxminən 200 meqavatdır və yeni stansiya bu gücü təxminən 1,5 dəfə artıracaq. Stansiyanın iki əsas məqsədi olacaq: Naxçıvanın dayanıqlı enerji ilə təmin edilməsi və gələcəkdə elektrik enerjisinin ixracı. Deməli, Sənaye Parkı sadəcə fabrik və zavodların yerləşəcəyi ərazi deyil. Burada sənaye ilə energetikanın paralel inkişafını nəzərdə tutan bütöv iqtisadi model qurulur.

Prezidentin səfər zamanı verdiyi ən mühüm mesajlardan biri Naxçıvanın gələcəkdə enerji ixracatçısına çevrilməsi ilə bağlıdır. Hazırda Naxçıvanın bərpaolunan enerji potensialı xüsusi diqqət çəkir. “Şəms 1” və “Qərbi Üfüq” günəş elektrik stansiyalarının ümumi gücü 50 meqavat olacaq. Bundan başqa, dövlət başçısı Naxçıvanda günəş enerjisi istehsalı üçün 600 hektardan artıq ərazinin müəyyənləşdirildiyini və burada gələcəkdə yüzlərlə meqavat gücündə günəş elektrik stansiyalarının inşa ediləcəyini açıqladı. Bu, təsadüfi seçim deyil. Naxçıvan günəş enerjisi üçün Azərbaycanın ən əlverişli məkanlarından biridir. 2026-cı ilin əvvəlində “Şəms 1” və “Qərbi Üfüq” layihələri üzrə özəl investorlarla müqavilələrin imzalanması da bu sahəyə biznes marağının artdığını göstərirdi. Üstəlik, Prezident Naxçıvanda ən azı 100 meqavatlıq batareya enerji saxlanc qurğusunun yaradılması barədə göstəriş verdiyini bildirdi. Bu, bərpaolunan enerjinin sistemə inteqrasiyası baxımından mühüm addımdır. Beləliklə, Naxçıvanın enerji strategiyasının üç sütunu formalaşır: ənənəvi enerji + hidroenerji + günəş enerjisi. Bunun üzərinə enerji saxlanc sistemlərinin əlavə edilməsi isə Naxçıvanı gələcəkdə regional “yaşıl enerji” mərkəzlərindən birinə çevirə bilər.

Səfərin geosiyasi baxımdan ən mühüm mesajlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsinin hazır olması ilə bağlı Prezident açıqlaması oldu. Bu məsələ Naxçıvanın enerji təhlükəsizliyi baxımından prinsipial əhəmiyyət daşıyır. Çünki söhbət təkcə yeni elektrik xəttindən getmir. Bu, Azərbaycan ilə Ermənistan arasında postmünaqişə dövrünün praktiki kommunikasiyalarının genişlənməsi deməkdir.

Əgər gələcəkdə nəqliyyat, enerji, optik kabel və digər kommunikasiyalar paralel şəkildə qurularsa, Naxçıvanın uzun illər ərzində yaşadığı coğrafi təcrid faktiki olaraq aradan qalxacaq. Bu isə regionun siyasi xəritəsindən daha çox, iqtisadi xəritəsini dəyişdirəcək. Prezidentin müsahibəsinin ən geniş hissələrindən biri Zəngəzur dəhlizi ilə bağlı oldu. Dövlət başçısı bir daha vurğuladı ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın təşəbbüsüdür və əsas məqsəd Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında əlaqəni təmin etməkdir. Prezident bu istiqamətdə artıq hədəfə çox yaxınlaşıldığını bildirdi. Bu layihənin əhəmiyyəti Naxçıvan üçün ölçüyəgəlməzdir. Çünki dəhlizin reallaşması ilə Naxçıvan: Azərbaycan ərazisinin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək; dəmir yolu şəbəkəsinə tam inteqrasiya olunacaq; avtomobil nəqliyyatı imkanlarını genişləndirəcək; Türkiyə ilə daha sürətli quru bağlantısına malik olacaq; Orta Dəhlizin mühüm seqmentinə çevriləcək; beynəlxalq tranzit və logistika mərkəzi statusunu gücləndirəcək.

KrjLbqbmM9YgHrB1dchrx0Xmu67e1kybuYsjftzf_1200.jpg (198 KB)

Hazırda Naxçıvan dəmir yolu infrastrukturu üzrə də işlər gedir. Azərbaycan Dəmir Yollarının layihəsi çərçivəsində 188 kilometrlik xəttin yenidən qurulması və modernləşdirilməsi nəzərdə tutulur və ilkin yükötürmə qabiliyyətinin 15 milyon ton olması planlaşdırılır.

Prezidentin müsahibəsində səslənən “Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərindən birinə çevriləcək” fikri məhz bu prosesin strateji mahiyyətini ifadə edir.

Horadiz-Ağbənd yolunun hazır vəziyyətə gəlməsi də böyük mənzərənin hissəsidir. Prezident müsahibə zamanı Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır olduğunu, dəmir yolunun tikintisinin də sürətlə davam etdiyini bildirdi. Dövlət başçısının sözlərinə görə, Azərbaycan öz hissəsini sürətlə tamamlaya bilər, lakin Ermənistan hissəsinin hazır olmaması səbəbindən əlavə sürətləndirməyə ehtiyac hələlik yoxdur.

Bu fakt göstərir ki, Naxçıvanın gələcək nəqliyyat bağlantısı üçün Azərbaycanın öz ərazisində bütün əsas hazırlıq işləri ardıcıl şəkildə aparılır.

Yəni Bakı artıq dəhlizin reallaşmasını yalnız siyasi razılaşma kimi deyil, konkret yol, dəmir yolu, enerji və logistika infrastrukturu kimi formalaşdırır. Naxçıvan şəhərinin 2044-cü ilə qədər inkişaf planı – şəhərə yeni sima gəlir. Səfərin başqa mühüm hadisəsi Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planın Prezidentə təqdim olunmasıdır. Bu, Naxçıvanın gələcəyinə 18 illik perspektivdən baxılması deməkdir. Baş Plan müstəqillik dövründə Naxçıvan şəhəri üçün hazırlanmış ilk belə strateji sənəddir. Sənəd “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi “Chapman Taylor” şirkəti tərəfindən hazırlanıb. Konsepsiyanın əsas istiqamətləri şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobillik, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli istifadəsidir.

Baş Planda şəhərin 74 hektarlıq mərkəzi hissəsinin yenidən formalaşdırılması, daha yığcam, canlı və əlçatan şəhər məkanının yaradılması nəzərdə tutulur. Bu, sadəcə abadlıq layihəsi deyil. Bu, Naxçıvanın gələcək şəhər iqtisadiyyatının, turizminin, nəqliyyat sisteminin və yaşayış mühitinin uzunmüddətli xəritəsidir. Naxçıvanın inkişaf strategiyasında insan amilinin də xüsusi yer tutduğu səfər çərçivəsində bir daha nümayiş etdirildi. Prezident 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoydu. Beş hektara yaxın ərazidə 16 çoxmərtəbəli bina inşa olunacaq. Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı mənzil nəzərdə tutulur. Burada uşaq bağçası, iaşə obyektləri, yollar, səkilər, yaşıllıq zonaları və bütün zəruri kommunal infrastruktur yaradılacaq. Bu layihə Naxçıvanın inkişafının yalnız makroiqtisadi göstəricilərlə ölçülmədiyini göstərir. Məqsəd şəhərin iqtisadi gücü ilə yanaşı, insanların yaşayış standartlarını da yüksəltməkdir.

Naxçıvan Regional DOST Mərkəzinin istifadəyə verilməsi də səfərin sosial mahiyyətini tamamladı. Mərkəzdə 164 sosial xidmətin göstərilməsi, 117 işçi və 50 könüllünün fəaliyyət göstərməsi, gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur. Xidmətlər “bir pəncərə” prinsipi əsasında təqdim olunacaq. Bu model Naxçıvan sakinlərinin sosial xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, dövlət idarəçiliyinin müasir standartlarının regionlara tətbiqini də sürətləndirir.

b4oTQwdn6SDzyCecnk1t5r2j3P1oQ80p1jKce4L8_1200.jpg (308 KB)

Xüsusilə əlilliyi olan şəxslər üçün tibbi-sosial ekspertiza, reabilitasiya və müvafiq vasitələrlə təminat imkanlarının bir mərkəzdə cəmləşdirilməsi sosial dövlət modelinin praktiki nümunəsidir.

Naxçıvanın turizm potensialı böyükdür. Tarixi abidələr, təbiət, mineral sular, dağlıq ərazilər, təmiz hava və zəngin mədəni irs bu bölgəyə turist axınının artırılması üçün böyük imkan yaradır. Lakin Prezidentin özünün də qeyd etdiyi kimi, mehmanxana infrastrukturunun yetərli olmaması turizmin inkişafını məhdudlaşdıran amillərdən biridir. Bu baxımdan şəhərin mərkəzində yeni beşulduzlu Naxçıvan Mehmanxana Kompleksinin təməlinin qoyulması xüsusi əhəmiyyət daşıyır. Kompleksdə 131 otaq olacaq və eyni vaxtda 307 qonağın yerləşdirilməsi nəzərdə tutulur. Konfrans və tədbir imkanları da yaradılacaq. Prezident müsahibəsində mehmanxananın təxminən 2028-ci ildə hazır olacağını bildirdi. Deməli, qarşıdakı illərdə Naxçıvanın turizmi artıq yalnız yerli səviyyədə deyil, beynəlxalq bazara çıxarıla biləcək məhsul kimi formalaşdırılacaq.

Səfər zamanı Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanışlıq, Əcəmi Naxçıvani abidəsinin açılışı və Naxçıvanın tarixi-mədəni irsinə göstərilən diqqət təsadüfi deyil. Müasir şəhər quruculuğu ilə tarixi irsin qorunması paralel aparılır. Bu yanaşma xüsusilə Naxçıvan üçün vacibdir. Çünki şəhərin turizm potensialının əsas dayaqlarından biri məhz onun minilliklərə gedib çıxan tarixi və memarlıq irsidir. Naxçıvanın gələcəyini qurarkən onun keçmişinin qorunması beləliklə, yalnız mədəniyyət siyasəti deyil, həm də iqtisadi strategiyanın tərkib hissəsinə çevrilir.

Səfərin əhəmiyyəti yalnız 11 avqustda keçirilən tədbirlərlə yekunlaşmadı. Avqustun 12-də Prezident İlham Əliyev Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı 258 milyon manatlıq Sərəncam imzaladı.

Vəsait 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, yol, nəqliyyat və təhsil infrastrukturunun yenilənməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün nəzərdə tutulub. Sərəncam çərçivəsində Ordubad rayonunun Tivi kəndində Gilançay üzərində 15,6 meqavat gücündə Tivi Su Elektrik Stansiyasında işlərin davam etdirilməsi üçün 66 milyon manat, ümumilikdə 156,3 min nəfərin yaşadığı 26 yaşayış məntəqəsini birləşdirən 420 kilometrlik müxtəlif avtomobil yollarının əsaslı təmiri üçün isə 70 milyon manat ayrılması nəzərdə tutulub. Bu sənəd göstərir ki, səfər zamanı səsləndirilən siyasi mesajlar konkret maliyyə qərarları ilə dəstəklənir.

Naxçıvan şəhərinin inkişafı qədər rayon və kəndlərin inkişafı da strategiyanın mühüm hissəsidir. 420 kilometrlik yol layihəsinin 26 yaşayış məntəqəsini əhatə etməsi təsadüfi deyil. Bu, kəndlərdə yaşayan insanların bazarlara, məktəblərə, səhiyyə və digər xidmətlərə çıxışını asanlaşdırmaqla yanaşı, kənd təsərrüfatının və sahibkarlığın inkişafına da əlavə imkan yaradacaq. Prezident müsahibəsində bu layihənin təxminən 160 min nəfər əhalini əhatə edəcəyini bildirmişdi.

Beləliklə, Naxçıvanın inkişafı yalnız Naxçıvan şəhərinin modernləşdirilməsi ilə məhdudlaşmır. Məqsəd bütün muxtar respublikanın vahid iqtisadi məkan kimi inkişafıdır.

dgguXQD67nB3T1RxPiFPSSQaFz4cwMwJfxcM8WkE_1200.jpg (106 KB)

Naxçıvan şəhərinin ictimai nəqliyyatında da yeni mərhələ başlayır. Səfər zamanı yeni elektrik mühərrikli avtobuslar Prezidentə təqdim edildi. Dövlət başçısı bildirdi ki, onların xəttə buraxılması nəzərdə tutulur. Eyni zamanda şəhərlərarası və rayonlararası nəqliyyatın yaxşılaşdırılması üçün 217 müasir avtobusun alınması barədə göstəriş verilib. Bu addımlar Naxçıvanın “yaşıl şəhər” konsepsiyasına keçidi ilə də uzlaşır. Elektrikli avtobuslar, günəş elektrik stansiyaları, enerji saxlanc sistemləri və yeni şəhərsalma modeli birlikdə götürüldükdə Naxçıvanın qarşıdakı illərdə daha ekoloji, enerjiyə qənaət edən və dayanıqlı şəhərə çevrilməsi üçün baza formalaşır.

Prezident müsahibəsində səfərin bəlkə də ən mühüm strateji mesajlarından birini verdi: Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid konsepsiya əsasında inkişaf etməlidir. Bu fikir sıradan inzibati yanaşma deyil.

Azərbaycan son illərdə Qarabağ və Şərqi Zəngəzurda yeni idarəetmə modelini tətbiq edib. Prezident xüsusi nümayəndəlikləri vasitəsilə bu ərazilərin bərpası və inkişafı daha çevik koordinasiya olunur. İndi həmin idarəetmə modelinin Naxçıvanda da tətbiq olunması nəzərdə tutulur. Prezidentin sözlərinə görə, bu struktur islahatları Naxçıvanın muxtar respublika statusu saxlanılmaqla idarəetmə qaydalarının təkmilləşdirilməsinə xidmət edir. Burada xüsusilə vurğulanmalı məqam odur ki, Prezident Naxçıvanın inzibati baxımdan Qarabağ və Şərqi Zəngəzurla “birləşdirilməsi” fikrini məhz inkişaf konsepsiyası çərçivəsində ifadə edir.

Zəngilanla Ordubad arasındakı məsafənin cəmi 42 kilometr olması isə bu yanaşmanın coğrafi əsasını daha da aydın göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, tarixən Zəngəzur, Naxçıvan və Qarabağ vahid məkan olub. Bu baxımdan gələcəkdə Zəngəzur dəhlizinin açılması yalnız Naxçıvanın Azərbaycanla quru əlaqəsinin bərpası olmayacaq. Eyni zamanda Qarabağ–Şərqi Zəngəzur–Naxçıvan–Türkiyə xəttində yeni iqtisadi və sosial məkanın yaranmasına gətirib çıxara bilər.

Naxçıvanın gələcəyində üç əsas söz: bağlantı, enerji, istehsal. Prezidentin səfəri əsasında Naxçıvanın gələcək inkişaf modelini üç əsas anlayışla ifadə etmək mümkündür: Birincisi – bağlantı. Zəngəzur dəhlizi, dəmir yolu, avtomobil yolları, elektrik xətləri, rəqəmsal və digər kommunikasiyalar Naxçıvanın coğrafi təcridini aradan qaldırmağa yönəlib. İkincisi – enerji. 300 MVt-lıq istilik elektrik stansiyası, günəş elektrik stansiyaları, su elektrik stansiyaları və batareya saxlanc sistemi Naxçıvanı enerji idxal edən və ya yalnız öz tələbatını ödəyən regiondan enerji ixrac edə bilən mərkəzə çevirmək məqsədi daşıyır.

Üçüncüsü – istehsal. 310 hektarlıq Sənaye Parkı Naxçıvan iqtisadiyyatının yalnız dövlət investisiyalarından asılılığını azaltmaq, özəl investisiyaları cəlb etmək, yeni müəssisələr və iş yerləri yaratmaq üçün mühüm platforma olacaq.

Bu üç istiqamət bir-birini tamamlayır. Yol varsa – məhsul bazara çıxır. Enerji varsa – sənaye inkişaf edir. Sənaye varsa – iş yerləri yaranır. İş yerləri varsa – əhali üçün iqtisadi imkanlar genişlənir. Səfərin tarixi əhəmiyyəti məhz bundadır. Prezident İlham Əliyevin Naxçıvan səfərinin tarixi əhəmiyyəti yalnız səfər çərçivəsində açılan və təməli qoyulan obyektlərin sayında deyil.
Əsas məsələ Naxçıvana münasibətin yeni mərhələyə keçməsidir.

Birinci mərhələdə əsas hədəf Naxçıvanın qorunması, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi, infrastrukturun qurulması və müdafiə qabiliyyətinin möhkəmləndirilməsi idi. İndi isə ikinci mərhələ başlayır: Bu mərhələdə Naxçıvan yalnız Azərbaycanın ayrılmaz hissəsi kimi deyil, Azərbaycanın yeni geoiqtisadi xəritəsində xüsusi funksiyaya malik strateji məkan kimi çıxış edəcək. Zəngəzur dəhlizi Naxçıvanı Azərbaycanın əsas hissəsinə bağlayacaq.Dəmir yolu onu Orta Dəhlizə inteqrasiya edəcək. Enerji layihələri Naxçıvanı regional enerji mərkəzinə çevirə bilər. Sənaye Parkı yeni istehsal və məşğulluq imkanları yaradacaq. 2044-cü ilə qədər Baş Plan şəhərin simasını dəyişəcək. Turizm infrastrukturu qədim diyarın beynəlxalq tanıtımını gücləndirəcək.

Yeni idarəetmə modeli isə bütün bu proseslərin daha çevik və effektiv həyata keçirilməsinə xidmət edəcək. Qarşıdakı illər Naxçıvan üçün nə vəd edir? Əslində, Prezidentin səfəri zamanı açıqlanan layihələrə birlikdə baxdıqda Naxçıvanın qarşısında kifayət qədər aydın mənzərə yaranır. Yaxın illərdə Naxçıvan: Azərbaycanın əsas hissəsi ilə yeni quru bağlantısı əldə etməyə; beynəlxalq tranzit yollarının mühüm qovşağına çevrilməyə; enerji istehsalını və ixracını artırmağa; “yaşıl enerji” zonası kimi mövqeyini möhkəmləndirməyə; yeni sənaye müəssisələri və iş yerləri yaratmağa; şəhər nəqliyyatını elektrikləşdirməyə; 2044-cü ilə qədər yeni şəhərsalma modelinə keçməyə; turizm infrastrukturunu genişləndirməyə; sosial xidmətləri müasirləşdirməyə; kənd və rayon yollarını yeniləməyə; Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyasına daha sıx inteqrasiya olunmağa hazırlaşır.

Bütün bunların üzərinə səfərdən cəmi bir gün sonra ayrılan 258 milyon manatlıq vəsaiti də əlavə etdikdə, aydın olur ki, Naxçıvanla bağlı yeni mərhələnin siyasi qərarları artıq konkret maliyyə və infrastruktur layihələri ilə müşayiət olunur.

Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfəri, əslində, Naxçıvanın gələcəyi ilə bağlı böyük strateji proqramın təqdimatı kimi yadda qalacaq.

a1k9S1z8L0Baezn91qGeO5nAU5uMpGitToYpXVQ0_1200.jpg (241 KB)

Bu səfərdə bir tərəfdən Heydər Əliyevin dövlətçilik irsi və Naxçıvanın tarixi-mədəni kimliyi önə çəkildi, digər tərəfdən isə gələcəyə – sənayeyə, yaşıl enerjiyə, yeni nəqliyyat dəhlizlərinə, müasir şəhərsalma modelinə, sosial rifaha və regional inteqrasiyaya baxış nümayiş etdirildi.

Ən mühüm nəticə isə budur: Naxçıvan artıq coğrafi baxımdan Azərbaycanın əsas hissəsindən ayrı düşmüş muxtar respublika kimi deyil, Azərbaycanın yeni geosiyasi və geoiqtisadi imkanlarının mühüm mərkəzlərindən biri kimi nəzərdən keçirilir. Zəngəzur dəhlizinin reallaşması, yeni dəmir yolu bağlantıları, enerji layihələri və sənaye parkının fəaliyyəti ilə Naxçıvanın uzun illər ərzində üzləşdiyi coğrafi məhdudiyyət tədricən onun ən böyük üstünlüyünə çevrilə bilər. Çünki tarixən sərhəd məkanı olan Naxçıvan gələcəkdə Azərbaycanı Türkiyə və türk dünyasına bağlayan, Şərq-Qərb ticarət yollarının üzərində yerləşən, enerji və logistika imkanlarını birləşdirən strateji qapı rolunu daha geniş miqyasda oynaya bilər. Məhz buna görə 11 avqust 2026-cı il səfərini Naxçıvanın quruculuq tarixində növbəti bir gün kimi deyil, yeni inkişaf dövrünün siyasi və iqtisadi başlanğıc nöqtələrindən biri kimi qiymətləndirmək mümkündür.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir