ABŞ-də Zəngəzurla bağlı TARİXİ toplantı
Donald Tramp administrasiyası Azərbaycan və Ermənistan arasındakı anlaşmaları Mərkəzi Asiya və Cənubi Qafqazı Qərb bazarları ilə birləşdirəcək tam hüquqlu nəqliyyat dəhlizinə çevirmək niyyətindədir. Belə ki, sentyabrın 23-də Nyu-Yorkda region ölkələrinin nümayəndələri və 40-dan çox şirkətin rəhbəri Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) – Zəngəzur dəhlizinin həyata keçirilməsini müzakirə ediblər.
Ceyhun Bayramov Nyu-Yorkda “Tramp marşrutu”ndan danışdı
Görüşdə ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff, respublikaçı senator Stiv Deyns, eləcə də Azərbaycan, Ermənistan, Gürcüstan və beş Orta Asiya ölkəsindən nümayəndələr iştirak ediblər.
Belə bir görüş nə vəd edir? Dəhlizin inşası nə dərəcədə sürətlənə bilər?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Zəngəzur dəhlizinin açılmasında bütün maneələrin aşılacağına əmindir. Musavat.com-a regional vəziyyəti şərh edən Çingiz Qənizadə hesab edir ki, Rusiya və İran bu layihə ilə bağlı Ermənistana təzyiqləri getdikcə artırır: “Bu səbəbdən də ABŞ Ermənistana dəstəyi gücləndirir ki, Moskva və Tehran qarşısında duruş gətirə bilsin. Ümumiyyətlə, cənab prezident həmişə bəyan edib ki, Azərbaycanın qərb rayonlarından Naxçıvana maneəsiz gediş-gəliş mütləq təmin olunacaq. Odur ki, regionda gedən siyasi proseslərə, rəqabətə və əngəl olmaq istəyən qüvvələrin davranışlarına baxmayaraq, bu logistikanın açılması qaçılmazdır. İlk növbədə bu məsələ Ermənistanın götürdüyü öhdəlikdir, ikincisi, beynəlxalq bir marşrutdur, ən nəhayət, Ağ Ev liderinin adını daşıyan yoldur. Ona görə də müəyyən süni problemlər müvəqqətidir, bu yol işə düşəcək”.
Çingiz Qənizadə: Bu gün Avropanın Azərbaycana daha çox ehtiyacı var – AZƏRTAC
Hüquqşünas ABŞ-nin maliyyə və texniki tərəfdən dəstək verdiyini xatırladaraq, layihənin gələn ildən reallaşacağını gözləyir: “Bu ilin sonuna qədər Zəngəzur koridorunun açılması inandırıcı görünmür. Hazırda texniki məsələlər həllini tapmalıdır. Bundan əlavə, bəzi siyasi düyünlər çözülməlidir. Onlardan biri aralıq seçkilərində respublikaçıların qələbəsinin vacibliyidir, digəri isə ABŞ ilə İran arasında məsələlərin aydınlaşmasıdır. Habelə Rusiya da İranın əli ilə gərginlik yaratmağa çalışır deyə Ermənistan üçün çətindir. Üstəlik, dəmiryolu ilə bağlı Moskva İrəvana təzyiq göstərə bilir. Yəni bu problemlər mövcuddur və Paşinyan hakimiyyətinin ciddi basqılarla üzləşdiyini qəbul etmək lazımdır”.
Siyasi analitik Elxan Şahinoğlunun sözlərinə görə, Trampın iştirakıyla imzalanan razılaşmadan sonra Azərbaycanla Ermənistan arasında sülh quruculuğuna strat verilib və Zəngəzur dəhlizinin reallaşması ehtimalı artıb: “Bu prosesi uğurla yekunlaşdırmaq, yəni sülh sazişinin imzalanması və Zəngəzur dəhlizinin tikintisinə başlanılması Ermənistan baş naziri Nikol Paşinyanın atacağı addımlardan asılıdır. Bunları Tramp prezident olduğu dönəmdə bitirməkdə fayda var”.