Azərbaycan 14 yaşlı şahdan danışır – Kimdir haqlı?

Reklam sahəsi

“Bilgə xaqandan tutmuş, üzü bəri bütün hökmdarlar – Uzun Həsən, Qara Yusif, Şah Təhmasib, Şah İsmayıl, Şah Abbas, Ağa Məhəmməd Şah Qacar, Nərimanov, Rəsulzadə, Əbülfəz Elçibəy, Heydər Əliyev – hamısı öz xalqını sevib və Azərbaycan dövlətinin yaşamasına, ayaqda qalmasına çalışıb. Və hamısı da elə düşünüb ki, xalqını ondan çox sevən yoxdur. Sadəcə, idarəetmə metodları, dövlətçiliyə yanaşma tərzləri fərqli ola bilər və bu normaldır”.

Elçin Hüseynbəylinin Qarabağ hekayələri

AYB katibi, yazıçı Elçin Hüseynbəyli özünün sosial media hesabında Şah İsmayıl Xətai ətrafında yenidən başlanan müzakirələrlə bağlı belə yazıb.  Onun sözlərinə görə, nələrləsə razılaşmaya bilərik, amma onlara hörmətlə yanaşmaq, irslərinə sayğı bəsləmək borcumuzdur.

Fazil Mustafa: “Heç bir qanun mükəmməl deyil” | Modern.az

Qeyd edək ki, bu məsələ deputat Fazil Mustafanın çıxışı və jurnalist Taleh Şahsuvarlının reaksiyasından sonra sosial mediada polemika mövzusuna çevrilib. Fazil Mustafa “Yeni Sabah”a müsahibəsində bildirib ki, əslində, son yazılarında bu mövzuda hansısa müzakirə açmayıb: “Ümumiyyətlə, konkret tarixi şəxsiyyət adına da istinad etməmişəm. Sadəcə, Azərbaycan dövlətinin quruluş fəlsəfəsi ilə bağlı fikirlərimi bölüşmüşəm. Bir də Səfəvi soyadlı bir iranlı generalın açıqlamasına münasibət bildirmişəm. Deyirdi ki, müasir İran dövlətinin əsasını Səfəvi ideologiyası təşkil edir, mən də onun doğru olduğunu bildirmişəm. Çünki Konstitusiyalarda yer aldığı kimi müasir Azərbaycan dövləti dünyəvi, İran dövləti isə Cəfəri məzhəbi təməlində qurulan dövlətdir”.

Bəs Şah İsmayıl məsələsinə obyektiv yanaşmamız necə olmalıdır?

AMEA-nın Tarix və Etnologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafazadə Musavat.com-a qeyd edib ki, şah İsmayıl Xətaiyə bu günün gözü ilə deyil, öz dövrünün reallıqları ilə baxmaq lazımdır: “Gah deyirlər ki, guya Şah İsmayıl şiəliyi artırıb. Belə məsələlərə münasibət bildirərkən də ilk növbədə həmin dövrün şərtlərinə baxmaq lazımdır”.

Tarix İnstitutunun şöbə müdirindən şok - XVIII əsrdə Qarabağın əhalisi ermənilər idi? - Baki-Xeber.com

Tofiq Mustafazadə vurğulayıb ki, Şah İsmayılı Azərbaycan tarixindən çıxarmağa çalışanlar əslində onun Azərbaycanla əlaqəsini inkar edənlərin dəyirmanına su tökmüş olur: “Bir tərəfdən Şah İsmayılı farslara vermiş oluruq, digər tərəfdən isə kürdlər deyirlər ki, şah İsmayıl kürddür. Halbuki bir məqamı heç vaxt yaddan çıxarmaq olmaz: Şah İsmayıl Azərbaycan torpaqlarını vahid mərkəzləşdirilmiş dövlətdə birləşdirən böyük tarixi şəxsiyyətdir. Üstəlik, söhbət 13 yaşında şah olmuş bir şəxsiyyətdən gedir. 13 yaşında hakimiyyətə gəlmiş bir insanın belə bir siyasi və hərbi bacarıq nümayiş etdirməsi, on minlərlə müridi arxasınca aparması təsadüfi hadisə deyildi. Bir var hazır dövlətin, hazır ordunun başına keçəsən, bir də var ortada hazır dövlətin və hazır ordunun olmadığı bir şəraitdə böyük bir siyasi qüvvə formalaşdıraraq hakimiyyətə gələsən. Şah İsmayıl məhz ikinci vəziyyətdə idi. Ona görə də Şah İsmayıl böyük tarixi şəxsiyyətdir. Kiminsə ona tərəfdar mövqedə olub-olmamasından söhbət getmir. Burada söhbət tarixi faktların obyektiv qiymətləndirilməsindən gedir”.

Tofiq Mustafazadə Şah İsmayıl Xətainin İranın dövlətçilik tarixindəki şəxsiyyət kimi qiymətləndirilməsinə də münasibət bildirib: “Şah İsmayılı bəziləri İranın dövlətçilik tarixindəki şəxsiyyət kimi də qiymətləndirirlər. Amma burada çox mühüm bir sual ortaya çıxır: Şah İsmayıl İran dövləti yaradıb? Xeyr, o, heç vaxt “İran dövləti” yaratmayıb. Əvvəlcə baxaq görək, onun dövlətinin paytaxtı harada yerləşirdi. Təbrizdə idi, elə deyilmi?
Şah İsmayıl İran ərazisini fəth etdi. Amma təkcə İranı yox. Xorasanı, onun o tərəfində Mərkəzi Asiyanın bir hissəsini, bu tərəfdə Şimali Azərbaycanı, Şirvanşahlar dövlətinin ərazilərini öz hakimiyyəti altında birləşdirdi. Onun tərəfdarları hətta Türkiyədə, yəni Anadoluda da çox idi. Bəs Şah İsmayılın əsas müridləri kimlər idi? Türk tayfaları. Onların böyük bir hissəsi də məhz Anadoludan gəlmişdi. Ona görə də heç bir halda demək olmaz ki, Şah İsmayıl İran dövləti yaradıb. O, heç vaxt “mən İran şahıyam” deməyib. Onun yaratdığı dövlətin rəsmi adı Səfəviyyə idi. Avropa mənbələrində də bəzən Səfəviyyə adı müxtəlif formalarda yazılırdı, “Sufi” kimi ifadələrə rast gəlinirdi. Xalq arasında isə bu dövlətə bəzən Qızılbaş dövləti də deyirdilər. Qızılbaşların başlarına bağladıqları çalmanın 12 imamın şərəfinə 12 zolağı olurdu. Buna görə də onlara Qızılbaş deyirdilər”.

“Şah İsmayılın ən böyük tarixi xidmətlərindən biri Azərbaycan torpaqlarını vahid mərkəzləşdirilmiş dövlət halında birləşdirməsi idi. Bəzən Sacilərdən, Salarilərdən danışılır və onlar Azərbaycan dövlətçiliyinin nümunəsi kimi göstərilir. Əlbəttə, onların Azərbaycan tarixində mühüm yeri var. Ancaq həmin dövlətlər də tam mənada vahid və mərkəzləşdirilmiş Azərbaycan dövləti deyildilər. Bəzi ərazilər onların hakimiyyətini qəbul edir, vassal münasibətlərində olurdu. Şah İsmayılın yaratdığı dövlət isə fərqli idi. O, əraziləri vahid mərkəzdən idarə etdi, dövlət idarəçiliyini sistemləşdirdi, bəylərbəyliklər yaratdı və böyük bir siyasi ərazini mərkəzləşdirilmiş hakimiyyət ətrafında birləşdirdi”, – tarixçi bildirib.

Tarixçi alimin sözlərinə görə Şah İsmayıl Xətaini yalnız dini və ya məzhəbi müstəvidən qiymətləndirmək tarixi şəxsiyyətin miqyasını daraltmaq deməkdir. /Musavat.com

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir