Avropa Komissiyası irimiqyaslı və uzunmüddətli hərbi münaqişə ehtimalına qarşı Aİ-də dizel və aviasiya yanacağının strateji ehtiyatının yaradılmasını təklif edir.
Elchi.az xəbər verir ki, bu barədə “Euronews” enerji təhlükəsizliyi üzrə yeni strategiya layihəsinə istinadən məlumat yayıb.
Sənəddə uzanan münaqişə şəraitində hərbi əməliyyatların və əsas xidmətlərin fəaliyyətinin dəstəklənməsi üçün mövcud yanacaq ehtiyatlarının genişləndirilməsinin zəruriliyi qeyd olunur.
Müdafiə üzrə Avropa komissarı Andryus Kubilyus bildirib ki, Aİ münaqişənin ilk 10 günündə NATO-nun 100 min nəfərlik qruplaşmasının yerdəyişməsini və döyüş əməliyyatlarını yanacaqla təmin etməyə hazır olmalıdır.
“Euronews”un məlumatına görə, 2025-ci ilin təlimləri Aİ ölkələrinin 61%-də hərbi karvanlar üçün yanacaq çatışmazlığının olduğunu üzə çıxarıb. Bununla yanaşı, qüvvədə olan normalar 90 günlük neft və neft məhsulları ehtiyatına malik olmağı tələb etsə də, onların tərkibini tənzimləmir. Enerji böhranı fonunda məlum olub ki, Aİ ölkələrində hazır dizel və aviasiya yanacağı kifayət qədər deyil, mövcud xam neft ehtiyatları isə zəruri neft məhsullarının operativ istehsalı üçün yetərli deyil.
Məryəm