Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib.
Nazirlikdən Elchi.az-a verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd əməkdaşların döyüş və taktiki hazırlıq səviyyəsinin daha da artırılması, peşə vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub.
Bakı və Sumqayıt qarnizonlarına məxsus yanğından mühafizə hissələrinin yanğınsöndürmə növbələri arasında keçirilən baxış-müsabiqədə hər manqada 7 nəfər heyət olmaqla, ümumilikdə 19 manqadan 133 əməkdaş iştirak edib.
Gərgin mübarizə şəraitində keçən müsabiqənin nəticələrinə əsasən, Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 nömrəli YMH 1-ci yeri, Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 13 nömrəli YMH 2-ci yeri, Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin 53 nömrəli YMH 3-cü yeri tutub.
Müsabiqəyə DYMX-nin Xidmətin təşkili və peşə hazırlığı şöbəsinin əməkdaşları hakimlik edib.
Sonda qaliblərə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavinləri daxili xidmət polkovnikləri Mircavad Seyidov, Taleh Babayev və FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tərəfindən diplom və kubok təqdim edilib.










