Ağ Evdə İran gərginliyi: “Hər halda, tezliklə nəsə baş verəcək”
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların İran rəhbərliyi ilə hər hansı bir diplomatik danışıqlar aparmadığını bəyan edib.
Cənubi Karolinadakı tədbirdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran ABŞ lideri regionda gərginliyin yaxın zamanlarda həlledici faza daxil olacağını vurğulayıb.
Tramp açıqlamasında bildirib: “Xeyr, mən hesab edirəm ki, biz heç bir danışıqlar aparmırıq. Bu və ya digər şəkildə nəsə tezliklə baş verəcək. Əksəriyyət bunun aralıq seçkilərdən sonra olacağını düşünür, biz nə baş verəcəyini görəcəyik”.
Bundan əvvəl “The New York Times” nəşri ABŞ və İsrailin Konqresə keçiriləcək aralıq seçkilərdən sonra İrana qarşı cavab zərbələrini bərpa etmək üçün xüsusi plan hazırladığı barədə məlumat dərc edib. Məlumata görə, plan qısamüddətli, lakin kütləvi və kəskin hərbi əməliyyatın keçirilməsini nəzərdə tutur. Hücum hədəfləri siyahısına ilk növbədə İranın energetika infrastrukturu, nüvə obyektləri, həmçinin raket və pilotsuz uçuş aparatları (PUA) arsenalının daxil ediləcəyi gözlənilir.