Zelenskinin kreslosuna kim göz dikib: Zalujnı, yoxsa Budanov?
ABŞ Prezidenti Donald Trampın Ukraynada seçkilərin keçirilməsi ilə bağlı çağırışları Vladimir Zelenskinin siyasi gələcəyini yenidən gündəmə gətirib. Müharibə şəraitində seçkilərin mümkünlüyü müzakirə olunarkən, Ukrayna liderinin əsas rəqibləri kimi sabiq baş komandan Valeri Zalujnı və keçmiş hərbi kəşfiyyat rəhbəri Kiril Budanovun adları çəkilir.
Seçkilər keçirilərsə, Zelenski üçün ən ciddi siyasi təhlükə kimdən gələ bilər?

Politoloq Rəşad Bayramov Musavat.com-a dedi ki, hazırda mövcud şəraitdə seçkilərin keçirilməsinin qarşısında ciddi hüquqi və praktiki maneələr var:
“Ukraynada hərbi vəziyyət dövründə prezident seçkilərinin keçirilməsi qanunvericiliklə qadağandır. Ukrayna Ali Radasında 2026-cı ilin mayında aparılan müzakirələrdə də hərbi vəziyyət şəraitində seçkilərin keçirilməsinin mümkünsüzlüyü ilə bağlı razılığın olduğu bildirilib. Söhbət təkcə hüquqi məhdudiyyətlərdən getmir. Burada həm də cəbhədə döyüşən hərbçilərin səsvermədə iştirakı, milyonlarla məcburi köçkünün seçki hüququnun təmin edilməsi, işğal altındakı ərazilərdə yaşayan vətəndaşların vəziyyəti və seçki infrastrukturunun təhlükəsizliyi kimi problemlər mövcuddur. Konkret namizədlərə gəldikdə isə həqiqətən də Zelenskinin siyasi rəqibləri arasında Zalujnının adı xüsusi diqqət çəkir. Onun hərbi rəhbər kimi qazandığı nüfuz mümkün seçkilərdə ciddi üstünlüyə çevrilə bilər.
Budanov da təhlükəsizlik və kəşfiyyat sahəsindəki fəaliyyəti ilə tanınır. Lakin əsas məsələ odur ki, bu şəxslərin mümkün namizədliyi və hətta qələbələri onların Rusiyanın irəli sürdüyü şərtləri qəbul edəcəkləri anlamına gəlmir. Ukrayna cəmiyyətində siyasi rəqabət mövcud olsa da, ölkənin suverenliyi və ərazi bütövlüyü məsələləri daha geniş milli təhlükəsizlik müstəvisində qiymətləndirilir. Başqa sözlə əgər Tramp və ya Putin hesab edirsə ki, Zelenski başqa bir liderlə əvəzlənərsə, həmin şəxs Rusiyanın şərtlərinə razılaşacaq, ərazi itkiləri ilə barışacaq və Kiyevin mövqeyindən geri çəkiləcək, bu, yanlış hesablamadır. Yeni prezidentin qarşısında yalnız xarici təzyiqlər deyil, Ukrayna cəmiyyətinin gözləntiləri, ordunun mövqeyi və dövlətin uzunmüddətli təhlükəsizlik maraqları dayanacaq. Lider dəyişə bilər, lakin bu, avtomatik olaraq ölkənin strateji maraqlarının dəyişməsi demək deyil. Yəni, Ukraynada seçkilər məsələsi yalnız Zelenskinin siyasi taleyi ilə bağlı deyil. Əsas məsələ ölkənin gələcək təhlükəsizlik modelidir. Seçkilərin keçirilməsi üçün real hüquqi və təhlükəsizlik şəraiti yaradılmadan bu mövzunun siyasi təzyiq vasitəsinə çevrilməsi Tramp tərəfindən Zelenskiyə təzyiq siyasətidir və heç bir məntiqi arqumentə əsaslanmır. Tramp da bilməmiş deyil ki, davamlı sülh liderlərin dəyişdirilməsi ilə deyil, tərəflərin suverenlik və təhlükəsizlik məsələlərində əldə edəcəkləri real razılaşma ilə mümkündür”.