Professor etibarlı məlumat mənbələrinin azlığından gileyləndi – çıxış yolu nədir?

“Bu gün dezinformasiyanın, nifrət nitqinin və təcavüzkar siyasətin alətinə çevrildiyi şəraitdə obyektiv, məsuliyyətli və peşəkar mediaya böyük ehtiyac var”.

Bunu Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Bakıda keçirilən I AQEM mediaforumunda deyib.

O qeyd edib ki, bu baxımdan, AQEM məkanında media sahəsində əməkdaşlığın genişləndirilməsi, peşəkar təcrübə mübadiləsinin aparılması və dezinformasiyaya qarşı birgə səylərin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır: “Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya dövrünü yaşayır. Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir. Terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər, dezinformasiya, eləcə də ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklər qlobal xarakter daşıyan təhlükələrə çevrilir”.

X.Xələfovun sözlərinə görə, indiki dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş birgə fəaliyyət fövqəladə əhəmiyyət daşıyır.(report)

Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli Musavat.com-a açıqlamasında bildirib ki, günümüzdə etibarlı məlumat əldə etmək ciddi bir problemə çevrilib:
“Bu gün, təkcə kütləvi informasiya vasitələri deyil, informasiya ilə bağlı olan bütün sahələrdə- peşəkar jurnalistikadan tutmuş sosial şəbəkələrə qədər hər sahədə mötəbər, etibarlı məlumat ciddi bir problemə çevrilib. Ona görə də Bakıda keçirilən və AQEM himayəsi altında keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda media forumunun xüsusi əhəmiyyəti var. Konfransdakı müxtəlif ölkələrdən olan nümayəndələrin çıxışlarını dinlədikcə bir neçə məsələnin üzərində dayanmaq olar ki, hamısı nəticə etibarı ilə etibarlı məlumata gətirib çıxarır. Ona görə də bizim bölgə üçün, xüsusən müxtəlif dövlət quruluşu olan ölkələr üçün sabit, güvənli, mötəbər informasiya çox önəmlidir. Məsələn, Avropada da bu məsələ var, amma Avropada peşəkar jurnalistika öndədir- klassik televiziyalar fəaliyyət göstərir, əhalinin təxminən 70%-i televiziyalardan məlumat alır, sosial şəbəkələrə giriş çox deyil. Amma sosial şəbəkələr də tədricən yer qazanır. Sosial şəbəkələrin formal demokratizmi arxasında müxtəlif qüvvələrin idarə etdiyi yalanlar, təxribat xarakterli məlumatlar geniş kök salır. Belə olanda halda sual yaranır: operativ məlumat, yoxsa dəqiq məlumat… Bu dilemmanın üstünlüyünü necə müəyyənləşdiririk? Təbii ki, dəqiq və balanslı məlumat bir nömrəli keyfiyyət göstericisidir. Ona görə məlumatın dəqiq olması çox önəmlidir. Haradan götürülməyindən asılı olmayaraq məlumatlar dəqiqləşdirilməlidir.

İkinci ciddi məsələ müxtəlif informasiya mənbələrinin çoxaldığı şəraitdə etibarlı məlumatın olmamasıdır. Bax bu məlumatı ön sıraya çıxartmaq üçün, yəni əsas diqqəti ona yönəltmək üçün nə etməliyik? Əlbəttə ki, peşəkar yanaşma öndə olmalıdır. Buna xüsusilə diqqət yetirməliyik”.

Professorun fikrincə, dəqiq məlumatların dezinformasiya fonunda daha parlaq görünməsi də mühüm məsələdir: “Dezinformativ məlumatlar həmişə cazibədar olur çünki yalana bürünür. Belə məlumatların çoxluq təşkil eləməsi informasiyanın mötəbərliyinin üzərinə ciddi şəkildə kölgə salır. Mən bunun əsas yolunu mötəbər məlumat mənbələrinin çox olması və ya onların operativ işləməsində görürəm.

Peşəkarlığı da unutmaq olmaz çünki indi süni intellektin informasiya siyasətinə müdaxiləsi, yalançı məlumatların çoxalması-bunların hamısı istər-istəməz jurnalistikada keyfiyyəti, məlumatın keyfiyyətini aşağı salır. Bir sözlə, bugünkü jurnalistikanın və informasiya siyasətinin mayasında peşəkarlıq, dəqiqlik, etibarlılıq dayanmalıdır”.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir