Dünyanı YENİ BƏLA gözləyir? – Tramp da Rusiyadakı vəbaya REAKSİYA VERDİ
Rusiyanın İrkutsk vilayətində Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunun əməkdaşının müəmmalı ölümündən sonra yaranmış narahatlıq artıq ölkə sərhədlərini aşıb. ABŞ Prezidenti Donald Tramp Rusiyada mümkün vəba hadisəsi ilə bağlı xəbərlərə reaksiya verərək vəziyyəti “ağır xəstəlik”lə əlaqələndirib və Vaşinqtonun lazım gələrsə yardım göstərməyə hazır olduğunu bildirib.
Xeberleraz.com xarici mediaya istinadən xəbər verir ki, Tramp Rusiyadakı hadisə barədə jurnalistlərin sualını cavablandırıb. Reuters də ABŞ prezidentinin Rusiyaya yardım təklif etdiyini ayrıca xəbər kimi yayıb.
“Mən onların bununla üzləşməsinə çox təəssüf edirəm. Bu, ağır xəstəlikdir”, – Tramp deyib.
ABŞ prezidenti daha sonra mikrobların getdikcə daha təhlükəli xarakter aldığını söyləyərək onları hətta “ordu” ilə müqayisə edib.
Tramp ABŞ-nin belə vəziyyətlə üzləşən ölkələrə kömək etməyə hazır olduğunu vurğulayıb:
“Belə problemlə üzləşən hər kəsə kömək edəcəyik. Biz kömək edəcəyik”.
ABŞ prezidenti bununla belə, məsələ ilə bağlı Rusiya hakimiyyəti ilə hələ əlaqə saxlamadığını bildirib.
“Biz bunu indicə öyrəndik”, – deyə Tramp əlavə edib.
ABŞ prezidentinin açıqlaması İrkutskda baş verən hadisənin beynəlxalq diqqət çəkməyə başladığını göstərir. Reuters İrkutskdakı institut əməkdaşının ölümündən sonra onlarla insanın karantinə alındığını bildirir. Rusiya hakimiyyəti isə vəziyyətin nəzarət altında olduğunu bəyan edir.
Hadisə İrkutsk Taun Əleyhinə Elmi-Tədqiqat İnstitutunun 28 yaşlı laborantının ölümündən sonra gündəmə gəlib. Rusiya səhiyyə qurumlarının rəsmi versiyasına görə, qadında mənşəyi müəyyən edilməyən pnevmoniya aşkarlanıb və onun institutda işlədiyi patogenlərdən yoluxduğuna dair sübut yoxdur. AP-nin məlumatına görə, mümkün pnevmonik vəba barədə yayılan xəbərlər indiyədək rəsmən təsdiqlənməyib.
Bununla yanaşı, hadisədən sonra xəstəxanada karantin tədbirlərinin tətbiq edilməsi, təmasda olmuş şəxslərin tibbi müşahidəyə götürülməsi və İrkutskdakı iri sənaye müəssisələrindən birində maska taxılmasının tövsiyə edilməsi narahatlığı artırıb.
Beləliklə, Rusiyada vəba epidemiyasının başladığını söyləmək üçün hazırda təsdiqlənmiş məlumat yoxdur. Lakin əvvəlcə İrkutsk daxilində müzakirə edilən müəmmalı ölümün artıq ABŞ prezidentinin səviyyəsində reaksiya doğurması hadisəyə beynəlxalq diqqətin ciddi şəkildə artdığını göstərir.
Musavat.com