Adsız xəbər

Nikol Paşinyan hakimiyyətinin kadr siyasəti Ermənistanın xarici siyasətində növbəti diplomatik qalmaqalla gündəmə gəlib. 

Xeberleraz.com erməni mediasına istinadən xəbər verir ki, bu dəfə problem Ermənistan Xarici İşlər Nazirliyinin İranla bağlı paylaşımında yol verilən kobud səhvlə bağlıdır. Ermənistan parlamentinin müxalifətçi “Güclü Ermənistan” fraksiyasının deputatı Areqa Ovespyan sosial şəbəkə hesabında XİN-in yol verdiyi səhvə diqqət çəkib.

Deputatın sözlərinə görə, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Ermənistan xarici işlər nazirinin İrana planlaşdırılan rəsmi səfəri ilə bağlı məlumat yayarkən paylaşımda İranın hazırkı dövlət bayrağı əvəzinə ölkədə İslam İnqilabından əvvəl istifadə olunan köhnə bayrağın təsvirindən yararlanıb.Məsələni diqqətçəkən edən isə təkcə texniki səhv deyil. Ovespyanın qeyd etdiyi kimi, həmin tarixi bayraq bu gün İran hakimiyyətinə qarşı çıxan qüvvələr tərəfindən də istifadə olunur. Xaricdə İran diplomatik nümayəndəliklərinin qarşısında keçirilən bəzi etiraz aksiyalarında da bu simvoldan istifadə edildiyi bildirilir.
Арега Овсепян Ани Бадалян

Deputat hesab edir ki, Ermənistan XİN kimi mühüm dövlət qurumunun yüksək vəzifəli əməkdaşının belə bir siyasi detalı bilməməsi ciddi suallar doğurur.Ovespyan iki ehtimal irəli sürüb: ya bu, sadəcə diqqətsizlik və məlumatsızlıq nəticəsində baş verib, ya da məqsədli şəkildə edilib. Birinci variantın belə ciddi problem olduğunu vurğulayan deputat ikinci ehtimalın isə daha təhlükəli olduğunu bildirib. Çünki Ermənistanın İranla münasibətləri sıradan diplomatik əlaqələr deyil. Tehran Ermənistan üçün həm qonşu dövlət, həm də regional proseslər baxımından mühüm tərəfdaşlardan biridir. Bu səbəbdən rəsmi İrəvanın İranın həssas yanaşdığı siyasi simvollardan istifadə etməsi diplomatik baxımdan ciddi yanlışlıq kimi qiymətləndirilə bilər.

Erməni deputatın fikrincə, qonşu dövlətlərlə münasibətlərdə məhz belə “detallar” böyük əhəmiyyət daşıyır. Onun qənaətinə görə, bu cür hadisələr Ermənistan-İran münasibətlərində onsuz da mövcud olan həssaslığı daha da artırır və əlaqələrin səviyyəsinin aşağı düşməsinə səbəb ola bilər.Burada başqa bir məqam da diqqət çəkir. Ermənistan hakimiyyəti son illərdə xarici siyasət kursunu dəyişdirdiyini, Qərblə münasibətləri genişləndirdiyini və eyni zamanda qonşu dövlətlərlə əlaqələrin qorunmasının vacibliyini bəyan edir. Lakin bu cür diplomatik səhvlər İrəvanın xarici siyasət aparatının peşəkarlığı ilə bağlı sualları yenidən gündəmə gətirir. Xüsusilə İran kimi regionda özünəməxsus siyasi həssaslıqları olan dövlətlə münasibətlərdə dövlət rəmzlərinin düzgün seçilməsi diplomatik protokolun ən elementar tələblərindən biri sayılır.

İranla Azərbaycan arasında münasibətlərin son illərdə yeni mərhələyə keçməsi, Ermənistanın isə Tehranla əlaqələrini regional təhlükəsizlik və kommunikasiya məsələləri baxımından mühüm hesab etməsi fonunda belə bir səhvin baş verməsi daha da diqqətçəkəndir. Əgər söhbət həqiqətən də sadə texniki səhvdən gedirsə, bu, Ermənistan diplomatiyasındakı peşəkarlıq problemini göstərir. Əgər məqsədli addım olubsa, o zaman məsələ daha ciddi siyasi məzmun kəsb edir.

Hər iki halda isə hadisə Paşinyan hakimiyyətinin xarici siyasət komandasının hazırlığı və peşəkarlığı ilə bağlı yeni suallar yaradıb. //Musavat. com

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir