NATO-dan İrana ŞOK xəbərdarlıq: “HAZIRIQ”

NATO İranın Avropadakı ABŞ hərbi bazalarına mümkün hücum planları ilə bağlı xəbərlərdən sonra bütün müttəfiqlərini müdafiə etməyə hazır olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki, İranın Avropadakı ABŞ hərbi obyektlərinə mümkün hücum planları ilə bağlı xəbərlərin ardından NATO-dan açıqlama verilib. Alyans İran tərəfindən yarana biləcək təhdidlərə qarşı müdafiə və çəkindirmə imkanlarının güclü olduğunu bildirib.

NATO rəsmisi Financial Times qəzetində İranın Avropadakı ABŞ hərbi bazalarına mümkün hücumları nəzərdən keçirdiyi barədə yayılan xəbərlə bağlı açıqlama verib.

Rəsmi bildirib ki, NATO bütün mümkün təhdidlərə qarşı hazırlıqlıdır.

“NATO bütün müttəfiqlərini müdafiə etmək üçün hər zaman lazım olanı edəcək”, – deyə NATO rəsmisi bildirib.

NATO açıqlamasında alyansın hava hücumundan müdafiə imkanlarının effektivliyinə də diqqət çəkilib.

Bildirilib ki, bu ilin əvvəlində NATO-nun hava hücumundan müdafiə sistemləri İrandan Türkiyəyə yönələn ballistik raketləri dörd ayrı hadisədə uğurla zərərsizləşdirib.

Alyans İranın yarada biləcəyi təhlükələrə qarşı çəkindirmə və müdafiə mövqeyinin güclü olduğunu vurğulayıb.

İranın xarici işlər naziri Abbas Arakçi isə ABŞ-a Bolqarıstandakı hərbi bazadan istifadə icazəsinin verilməsindən sonra Sofya rəhbərliyinə xəbərdarlıq edib.

Arakçi bolqarıstanlı həmkarı ilə görüşündə İran əleyhinə hərbi hücumda hər hansı formada iştirak edən tərəfin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib.

Bolqarıstan parlamenti Bezmer Hava Bazasında ABŞ hərbi təyyarələri üçün yanacaq doldurma məntəqəsinin yaradılmasını təsdiqləyib. Təxminən 250 ABŞ hərbçisinin oktyabr ayına qədər burada yerləşməsinə icazə verilib.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir