Bakının axtardığı o 3 TƏXRİBATÇI… – Rusiya özü cəzalandıracaq?
Xəbər verildiyi kimi, Azərbaycanın Baş Prokurorluğu Rusiya vətəndaşları – “Moskva 24” telekanalının aparıcısı, jurnalist Knyazev İvan Andreyeviçin, Rusiyada siyasi məsləhətçi və media eksperti kimi özünü təqdim edən Uralov Semyon Sergeyeviçin və televiziya jurnalisti və müxbiri kimi fəaliyyət göstərən, Rusiya nəqliyyat nazirinin müşaviri Çadayev Aleksey Aleksandroviçin Azərbaycan Respublikasına qarşı zorakı üsulların tətbiq edilməsi, ölkənin konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanması, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn çağırışlarla çıxış etmələrinə əsaslı şübhələr müəyyən edib.
Bundan əlavə, həmin şəxslərin Azərbaycana qarşı zorakı üsullardan istifadə edilməsi, o cümlədən ayrı-ayrı şəxslərin birbaşa fiziki məhvetmə təhlükəsi altında saxlanılması və ünvanlı şəkildə sıradan çıxarılması barədə fikirlər səsləndirərək, terrorçuluğa açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci maddələri (milli nifrət və düşmənçiliyin salınması) ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.

Toplanmış sübutlar əsasında Semyon Uralov, İvan Knyazev və Aleksey Çadayev barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, həmin şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənar olduqlarından axtarış elan olunaraq məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, təqsirləndirilən şəxslərin tərəfdaş dövlətlərin ərazisində müəyyən edilərək tutulması və Azərbaycan Respublikasına təqdim olunması məqsədilə aidiyyəti dövlət qurumlarına Baş Prokurorluq tərəfindən müvafiq müraciətlər edilib, habelə onların İnterpol kanalları vasitəsilə beynəlxalq axtarışının təşkili istiqamətində zəruri tədbirlər görülüb.
Qeyd edək ki, məsələ ilə bağlı artıq Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı son dövrlərdə Rusiyanın media və informasiya məkanında Azərbaycan Respublikası, Azərbaycan xalqı və ölkə rəhbərliyi əleyhinə səsləndirilən təxribat, təhqir və təhdid xarakterli açıqlamalarla bağlı Azərbaycan tərəfinin ciddi narahatlığı və qəti etirazı Rusiya tərəfinin diqqətinə çatdırılıb.
Bəs başladılan cinayət işi və təqibinin nəticəsi nə ola bilər? Rusiya onları Azərbaycana verərmi, verməzsə, özü onları məsuliyyətə cəlb edərmi? Etməzsə, ikitərəfli münasibətlərə hansı təsirləri olar?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Musavat.com-a deyib ki, Azərbaycan Baş Prokurorluğunun Rusiya vətəndaşları İvan Knyazev, Semyon Uralov və Aleksey Çadayev barəsində cinayət işi başlatması və onların beynəlxalq axtarışa verilməsi iki ölkə arasındakı münasibətlər baxımından kifayət qədər ciddi siyasi-hüquqi hadisədir:
“Söhbət sadəcə Azərbaycan əleyhinə sərt fikirlərdən getmir. İstintaq həmin şəxslərin zorakılığa, Azərbaycan dövlətinin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, milli nifrət və düşmənçiliyə, habelə terrorçuluğa açıq çağırış etdiklərinə dair əsaslı şübhələr müəyyənləşdirib. Onlar Cinayət Məcəlləsinin 214-2, 281.2 və 283.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Burada Azərbaycan üçün əsas məsələ həmin şəxslərin siyasi baxışlarının nə olması deyil. Ortada Azərbaycan dövlətinə qarşı zorakılığa çağırış var. Onun harada səsləndirilməsindən asılı olmayaraq cəzası da olmalıdır. Azərbaycan-Rusiya münasibətlərinin sağlam qalmasının əsas şərtlərindən biri məhz qarşılıqlı hörmət və dövlətlərin bir-birinin təhlükəsizlik maraqlarına münasibətidir. Azərbaycan Rusiya ərazisində fəaliyyət göstərən ayrı-ayrı şəxslərin ölkəmizə qarşı zorakılığa çağırışlarını “media azadlığı” adı altında qəbul etməyə borclu deyil. Media azadlığı dövlətə qarşı terror çağırışa əsas vermir. Siyasi fikir azadlığı konkret terrora çağırış üçün immunitet yaratmamalıdır. Başqa dövlətin ərazi bütövlüyünün zorla pozulmasına çağırış “geosiyasi mövqe” adı ilə pərdələnməməlidir. Azərbaycanın bu məsələdə mövqeyi aydın və tam qanunidir”.
Hüquq müdafiəçisi bildirib ki, Rusiya bu şəxsləri qeyd-şərtsiz Azərbaycana təhvil verməlidir:
“Rusiya vətəndaşı olmaq məsuliyyətdən azad olmaq demək deyil. Rusiya vətəndaşlarının ekstradisiyası məsələsinə baxmalıdır. Əgər bu şəxsləri Azərbaycana verməyəcəklərsə, zəhmət çəkib özləri hüquqi tədbirləri gerçəkləşdirsinlər. Bakı Moskvaya istintaq materiallarını təqdim edir, Rusiya isə öz qanunvericiliyinə uyğun olaraq həmin şəxslərin hərəkətlərinə hüquqi qiymət verir. Əgər Rusiya bu addımı atmayacaqsa, bu məsələ Azərbaycan üçün qəbuledilməz ssenari deməkdir. Belə olan halda məsələ artıq üç şəxsin davranışından çıxaraq dövlətlərarası münasibətlər probleminə çevriləcək. Əgər Azərbaycan ərazisində Rusiya dövlətinə və vətəndaşlarına qarşı analoji zorakı çağırışlar səslənsəydi, Moskvanın reaksiyası necə olardı?”
Çingiz Qənizadənin sözlərinə əsasən, məsələnin Azərbaycan üçün başqa mühüm tərəfi də budur ki, Bakı Moskvadan qeyri-adi bir şey tələb etmir:
“İki ölkə arasında cinayət işləri üzrə hüquqi əməkdaşlıq praktikada mövcuddur. Hətta son illərin təcrübəsi göstərir ki, Rusiya ilə Azərbaycan arasında ekstradisiya mexanizmləri real şəkildə işləyir. 2025-ci ilin aprelində Rusiyadan Azərbaycana beynəlxalq axtarışda olan şəxslər ekstradisiya edilib. 2026-cı ilin fevralında isə Azərbaycanın vəsatəti əsasında Rusiya Baş Prokurorluğu iki Azərbaycan vətəndaşının Azərbaycana ekstradisiyası ilə bağlı müraciəti təmin edib. Hüquqi mexanizm var və işləyir. Azərbaycan Baş Prokurorluğunun təqdim etdiyi materialların Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına heç bir hüquqi maneə yoxdur. Məsələ gələcək təxribatların qarşısının alınmasıdır. Aydındır ki, Azərbaycan burada güzəştə getməyəcək. Münasibətlərin mühüm olması Azərbaycanın öz milli təhlükəsizlik maraqlarından geri çəkilməsi demək deyil. Əksinə, sağlam dövlətlərarası münasibət qarşı tərəfin qırmızı xətlərinə hörmət üzərində qurulur. Azərbaycanın qırmızı xətti suverenlik, ərazi bütövlüyü, Konstitusiya quruluşu, vətəndaşların təhlükəsizliyidir. Bu məsələlərdə Bakı “strateji tərəfdaşlıq” anlayışını öz təhlükəsizlik maraqlarının əvəzinə qoymur. Əgər kimsə Rusiyada oturub Azərbaycan ərazisində zorakılıq törədilməsinə, insanlara qarşı fiziki məhv edilmə çağırışlarına və dövlət quruluşunun zorla dəyişdirilməsinə çağırırsa, Azərbaycanın buna hüquqi və siyasi reaksiyası adekvatdır. Azərbaycan dövləti ölkənin ərazi bütövlüyünə və dövlət quruluşuna qarşı zorakı çağırışların harada səslənməsindən asılı olmayaraq hüquqi cavabsız qoymayacaq. Bu, həm də xaricdəki digər radikal çevrələr üçün mesajdır”.
Ç.Qənizadə həmin şəxslərin İnterpol kanalları ilə beynəlxalq axtarışının təşkili istiqamətində də tədbirlər görüldüyünü bildirib:
“Bu o deməkdir ki, Azərbaycan məsələni yalnız Moskva ilə ikitərəfli dialoq çərçivəsində saxlamaq niyyətində deyil. Çünki söhbət Azərbaycan dövlətinə qarşı zorakı çağırışlardan gedirsə, Bakı bütün hüquqi mexanizmlərdən maksimum istifadə edəcək. Əgər Rusiya bu şəxsləri Azərbaycana verməsə, amma onların fəaliyyəti ilə bağlı öz ərazisində hüquqi araşdırma aparsa, Bakı bunu konstruktiv addım kimi qiymətləndirə bilər. Əgər Rusiya nə ekstradisiyaya imkan versə, nə də Azərbaycan tərəfindən təqdim olunan materiallara hüquqi qiymət versə, münasibətlərdə yeni narahatlıq yaranacaq. Bu, bir diplomatik nota ilə bitməyə bilər. Azərbaycan müxtəlif istiqamətlərdə öz münasibətini yenidən qiymətləndirmək məcburiyyətində qala bilər”.