“Xəzər RPİ-nin 3-cü Polis Bölməsi ilə bağlı ŞOK İDDİALAR: “Pul alıb buraxdılar” — NAZİRƏ MÜRACİƏT

Reklam sahəsi

Xəlil Həsrətov: “Məni və övladlarımı qanunsuz aparıb saatlarla saxlayaraq pul alıb buraxıblar”

Vətəndaşın hüquq-mühafizə orqanına müraciəti bəzən yalnız bir şəxsin problemini deyil, bütövlükdə cəmiyyəti düşündürən ciddi sualları gündəmə gətirir. Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində yaşayan, jurnalist Xəlil Cəfər oğlu Həsrətovun Azərbaycan Respublikasının daxili işlər naziri cənab Vilayət Eyvazovə ünvanladığı müraciət də məhz belə suallar doğurur.

Xəlil Həsrətov müraciətdən öncə Azərbaycan polisinin dövlətin təhlükəsizliyinin və ictimai asayişin qorunmasında mühüm rol oynadığını xüsusi vurğulayaraq, ayrı-ayrı polis əməkdaşları haqqında səsləndirilən ciddi iddiaların bütün polis sisteminə aid edilməsinin doğru olmadığını bildirib.

Jurnalist müraciətində Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin Vüsal adlı əməliyyatçısı başda olmaqla bir neçə əməkdaşlarının onun və övladlarının hüquqlarını pozduğunu iddia edir.

Jurnalistin iddiasına görə, o və övladları müxtəlif vaxtlarda polis əməkdaşları tərəfindən 3-cü Polis Bölməsinə qanunsuz şəkildə aparılıb və saatlarla orada saxlanılıb. Jurnalist daha ağır bir iddia da səsləndirir: onun sözlərinə görə, həmin şəxslərdən pul alındıqdan sonra sərbəst buraxılıblar.

Bu, olduqca ciddi iddiadır və təbii ki, hüquqi qiymət yalnız səlahiyyətli qurumların obyektiv araşdırmasından sonra verilə bilər.

Lakin bir vətəndaşın daxili işlər nazirinə belə məzmunlu müraciət etməsi məsələnin araşdırılmasını zəruri edən ciddi əsasdır.

Jurnalist öz müraciətində polis əməkdaşlarının ona və övladlarına qarşı qərəzli münasibət göstərdiyini bildirir.

Polis əməkdaşının əsas vəzifəsi qanunun aliliyini təmin etmək, ictimai asayişi qorumaq və vətəndaşların hüquqlarını müdafiə etməkdir. Polis bölməsinə aparılan şəxsin hansı əsasla aparıldığı, nə qədər müddət saxlanıldığı və onun hüquqlarının necə təmin edildiyi aydın və qanuni şəkildə rəsmiləşdirilməlidir.

Bu baxımdan vətəndaşın “qanunsuz aparıldım və saatlarla saxlanıldım” iddiası cavabsız qalmamalıdır.

Müraciətdə diqqət çəkən ən ciddi məqamlardan biri pul alınması barədə iddiadır.

Lakin belə bir iddia səsləndirilirsə, onun araşdırılması vacibdir.

“BELƏ HƏRƏKƏTLƏR POLİSİN NÜFUZUNA XƏLƏL GƏTİRİR”

X.Həsrətov müraciətində xüsusi olaraq qeyd edir ki, bu cür halların baş verməsi polisə olan ictimai etimada mənfi təsir göstərir.

Bu fikrin üzərində dayanmağa ehtiyac var.

Polisin nüfuzu yalnız polis əməkdaşlarının gündəlik xidməti fəaliyyəti ilə deyil, vətəndaşın polis bölməsində özünü necə hiss etməsi ilə də formalaşır.

Əgər vətəndaş polisə müraciət etdikdə hüquqlarının qorunacağına inanırsa, dövlət qurumlarına etimad güclənir.

Əgər əksinə, vətəndaş polis bölməsində hüquqlarının pozulduğunu düşünürsə və şikayətinin nəticəsiz qalacağından ehtiyat edirsə, bu, cəmiyyətdə ciddi narahatlıq yarada bilər.

Məhz buna görə ayrı-ayrı əməkdaşlarla bağlı səsləndirilən ciddi iddiaların obyektiv araşdırılması yalnız konkret vətəndaşın deyil, bütövlükdə polis orqanlarının nüfuzunun qorunmasına xidmət edir.

NAZİRƏ ÜNVANLANAN MÜRACİƏTİN ƏSAS TƏLƏBİ

Xəlil Həsrətov Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək məsələnin obyektiv araşdırılmasını və 3-cü Polis Bölməsinin adı çəkilən əməkdaşlarının fəaliyyətinə hüquqi qiymət verilməsini xahiş edir.

Vətəndaş əmindir ki, məsələ cənab nazirin diqqətinə çatdırılarsa, obyektiv araşdırma aparılacaq və qanunsuzluq müəyyən edildiyi halda təqsirli şəxslər barəsində müvafiq tədbirlər görüləcək.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir