WUF13 qlobal mənzil maliyyələşdirilməsi sistemlərini islah etməyə çağırıb
Mövcud mənzil maliyyələşdirilməsi sistemləri milyonlarla insan üçün pərakəndə və əlçatmaz olaraq qalır, kreditlərə qeyri-bərabər çıxış və məhdud dövlət investisiyaları isə mənzil bərabərsizliyini və məkan təcridini gücləndirməyə davam edir.
Elchi.az xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları üzrə qəbul edilmiş “Bakı Fəaliyyətə Çağırış”da qeyd olunur.
Sənəddə qeyd olunub ki, mövcud mənzil maliyyələşdirməsi mexanizmləri bir çox hallarda aztəminatlı ailələrə və icmalara çatmır.
Çağırış müəllifləri bələdiyyə maliyyəsinin gücləndirilməsi, maliyyə muxtariyyətinin genişləndirilməsi və gəlir formalaşdırma strategiyalarının inkişaf etdirilməsi vasitəsilə inklüzivliyi artırmaq və dəstəyin miqyasını genişləndirmək məqsədilə bütün mənzil maliyyələşdirməsi zəncirinin yenidən nəzərdən keçirilməsi tərəfdarı kimi çıxış ediblər.
Sənəddə həmçinin inkişaf banklarına və özəl sektora kreditə çıxışın genişləndirilməsinə və ərazi xüsusiyyətlərini nəzərə alan, əhalinin ən çox ehtiyacı olan qruplarına yönəlmiş proqnozlaşdırıla bilən uzunmüddətli maliyyə mexanizmlərinin yaradılmasına prioritet diqqət yetirməklə bağlı çağırış yer alır.
Bundan əlavə, “Bakı Fəaliyyətə Çağırış”da risklərin qiymətləndirilməsi və idarə edilməsi, ünvanlı subsidiyalaşdırma, kreditlərə çıxışın genişləndirilməsi və qarışıq maliyyələşdirmə üzrə yeni mexanizmlərin işlənib hazırlanması üçün özəl sektorun milli və yerli hakimiyyət orqanları, mərkəzi banklar, maliyyə institutları və ictimai əmanət strukturları ilə əməkdaşlığının zəruriliyi vurğulanır.
Parlamentarilər və milli xəzinədarlıqlar müxtəlif mənzil yanaşmalarını nəzərə almaqla dövlət subsidiyalarını şaxələndirməyə, həmçinin özəl və ictimai əmanətləri daha fəal şəkildə cəlb etməyə çağırılıblar.
Sənəddə həmçinin qeyd olunub ki, pərakəndə planlaşdırma sistemləri mənzili torpaqdan, infrastrukturdan, nəqliyyatdan, gəlir mənbələrindən və baza xidmətlərindən ayıraraq məkan bərabərsizliyini və şəhərlərin səmərəsiz böyüməsini gücləndirməkdə davam edir.
Bununla əlaqədar olaraq, çağırış müəllifləri bərabərlik, inklüzivlik, məkan ədaləti və şəhər hüququna vurğu edərək, mənzil siyasətini daha geniş ərazi və şəhər strategiyalarına daxil edən planlaşdırmaya dair inteqrasiya olunmuş və sistemli yanaşmaların tərəfdarı kimi çıxış ediblər.
Vurğulanıb ki, bu cür yanaşmaların həyata keçirilməsi qərarların birgə işlənib hazırlanması üçün yerli hakimiyyət orqanlarının, vətəndaş cəmiyyəti təşkilatlarının, yerli icma hərəkatlarının və özəl sektorun imkanlarının genişləndirilməsi vasitəsilə icra edilməlidir.