Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq
“Azərbaycanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünü təşviq etməyə hazırıq”.
Elchi.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin MDB işləri üzrə müavini Mixail Qaluzin deyib.
“Aprel ayında Zəngilanda keçirilən görüşdən sonra ticarət dövriyyəsinin artırılması və sənayedə institutsional əməkdaşlığın inkişaf etdirilməsi üçün tədbirlər siyahısı hazırlanıb. Rusiya biznesinin Qarabağ və Şərqi Zəngəzur bölgələrində yenidənqurma layihələrində iştirakı üçün imkanlar müəyyən edilib. Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə yaxınlaşdırmaqda maraqlıdır”, – o bildirib.
Qaluzin qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistanın münasibətlərinin tam və hərtərəfli normallaşdırılmasına yönəlmiş səyləri dəstəkləyir.
“Biz, əvvəlki kimi, nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasında, humanitar məsələlərin həllində Bakı və İrəvana kömək etməyə və sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməyə hazırıq”, – Rusiya rəsmisi əlavə edib.