“Qafqaz işığı” işə düşür – Üç ölkənin bir planı iki qonşuda narahatlıq yaratdı
Ermənistanla Azərbaycan arasında iqtisadi əlaqələrin bərpası prosesi irəlilədikcə, müxtəlif istiqamətlərdə əlaqələndirmə məsələləri də gündəmə gəlir.
Musavat.com xatırladır ki, münasibətlərin normallaşmağa başladığı ilk illərdən Nikol Paşinyan hökuməti Azərbaycanın iştirakçı olduğu bir neçə regional və beynəlxalq layihələrə qoşulmaq istəyini dilə gətirib.
Bu layihələr arasında Azərbaycan, Mərkəzi Asiya və Gürcüstanın istehsal etdiyi yaşıl enerjini Avropaya çatdıracaq Qara dəniz Enerji kabelinə İrəvanın marağı xüsusilə böyükdür.
Xatırladaq ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dəniz sualtı elektrik kabelinin tikintisinə dair strateji tərəfdaşlıq sazişi 2022-ci ildə imzalanıb. Layihə Avropa İttifaqı tərəfindən ümumi maraq doğuran enerji təşəbbüslərindən biri kimi qiymətləndirilir. Layihənin texniki-iqtisadi əsaslandırılması artıq hazırdır, iştirakçı ölkələr əlavə detallar üzərində işləyirlər.

Energetika naziri Pərviz Şahbazovun Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda verdiyi məlumata görə, Azərbaycan yaxın vaxtlarda Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinə Avropa İttifaqının Qarşılıqlı Maraq Layihəsi (PMI) statusunun verilməsi üçün müraciət təqdim edəcək. Onun sözlərinə görə, ümumi ötürmə gücü təxminən 4 giqavatt olan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin texniki-iqtisadi əsaslandırması layihənin texniki və iqtisadi cəhətdən həyata keçirilə bilən olduğunu təsdiqləyib:
“Məqsəd 2029-cu ildə yekun investisiya qərarına nail olmaqdır, dəhliz 2032-ci ildən 2040-cı ilə qədər mərhələlərlə istismara verilməlidir. Azərbaycanı Macarıstanla birləşdirən bu dəhliz Elektrik Enerji üzrə Ötürmə Sistemi Operatorlarının Avropa Şəbəkəsinin (ENTSO-E) 10 illik Şəbəkə İnkişaf Planının layihəsinə vahid layihə kimi daxil edilib. Tam istismara verildikdən sonra dəhlizin 20 teravatt-saatdan çox elektrik enerjisinin ixracına imkan verəcəyi gözlənilir”.
Açıqlanan məlumatlara əsasən 2032-ci ildən başlayaraq dəhlizin birinci mərhələsinin, həmçinin “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Əlaqəsi”nin işə salınması planlaşdırılır.
N.Paşinyan 2023-cü ildən başlayaraq, dəfələrlə Ermənistanın da bu layihəyə qoşulmaq istədiyini bəyan edib, Tiflisə səfəri zamanı məsələni Gürcüstan tərəfi ilə müzakirə edib. Ötən ilin avqustunda ABŞ-da TRİPP layihəsinə dair sazişin imzalanmasından sonra isə Azərbaycanla Ermənistanın enerji şəbəkələrinin əlaqələndirilməsi məsələsi gündəmə gətirilib.
Azərbaycanın Zəngəzur dəhlizi təklifinin ilkin variantında da, sonra ABŞ sazişində nəzərdə tutulan variantında da Azərbaycan-Ermənistan-Naxçıvan-Türkiyə-Avropanı əlaqələndirəcək dəhlizdə avtomobil və dəmiryol xətti boyunca yüksək gərginlikli elektrik xəttinin, həmçinin fiberoptik kabel xəttinin də çəkilməsi nəzərdə tutulur.
Hazırda Cənubi Qafqaz ölkələrinin enerji sisteminin əlaqələndirilməsi məsələsi müzakirə olunur. Ötən həftə Ermənistan, Azərbaycan və Gürcüstan nümayəndələri üç ölkənin enerji sistemlərinin qarşılıqlı inteqrasiyası və Türkiyənin enerji şəbəkəsinə qoşulma imkanlarını müzakirə ediblər.
Müzakirələr barədə məlumatı Ermənistanın Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyası (PSRC) yayıb: “Cənubi Qafqaz ölkələrinin enerji sistemlərinin qarşılıqlı inteqrasiyası və regional enerji əməkdaşlığının dərinləşdirilməsi imkanları, eləcə də regionun enerji sistemlərini Türkiyənin enerji sisteminə qoşmaq üçün mümkün addımlar müzakirə edilib”.
Bildirilir ki, görüş Tiflisdə Enerji Tənzimlənməsi üzrə Ümumdünya Forumu (WFER IX) çərçivəsində baş tutub və Ermənistan Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının (PSRC) rəhbəri Mesrop Mesropyan, Gürcüstan Milli Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının (GNERC) sədri David Narmani, Azərbaycan Enerji Tənzimləmə Agentliyinin (AERA) sədri Samir Axundov, Avropa Enerji Tənzimləyiciləri Şurasının (CEER) prezidenti Pedro Verdella və EU4Energy proqramının nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Zəngəzur dəhlizi – TRIPP layihəsi gündəmə gələndən Rusiya mətbuatı Ermənistanın Azərbaycandan enerji asılılığına düşəcəyinə dair materiallara ara vermir. Rusiyalı ekspertlərə İrəvanı İran-Ermənistan-Gürcüstan-Rusiya elektrik ötürücü xətlərinin birləşdirilməsini nəzərdə tutan Şimal-Cənub Enerji Dəhlizi layihəsinə yönəlməyə, İran tərəfi isə İran-Ermənistan-Gürcüstan-Avropa layihəsinə çağırır. Hər iki tərəfin əsas arqumenti Ermənistanın Azərbaycandan enerji asılılığına düşməsi ilə bağlıdır. Reallıqda isə məqsəd İrəvanı öz enerji məhsullarından asılılıqda saxlamaqdır. Çünki Ermənistan İrandan pulsuz qazı alıb Razdan İES-də elektrik enerjisi istehsalına yönəldir, 1 kubmetr qazdan əldə olunan 5 kvt\saat enerjinin 3-nü İranın şimal əyalətlərinə qaytarır, 2-ni isə aztəminatlı təbəqələrə nisbətən ucuz qiymətə satır. Rusiya uran yanacağı ilə işləyən Metsamor AES-dən əldə olunan enerji əsasən sənayeyə yönəldilir. Mövcud SES-lər ölkənin enerji tələbatınıp tam təmin etmək imkanında deyil.
Buna görə də Rusiya asılılığından çıxmağa çalışan Paşinyan var gücü ilə enerji mənbələrini diversifikasiya etmək istəyir. Bu məsələdə Azərbaycan İrəvan üçün xilas yoluna çevrilə bilər. Belə ki, Azərbaycan Qarabağ və Naxçıvanı tamamilə yaşıl enerji zonaları elan edib, hər iki bölgədə ehtiyacdan da artıq bərpa olunan enerji istehsalı gücləri yaradılır.
Eyni zamanda digər bölgələrdə də dəyəri 1 milyard dollardan yuxarı olan istehsal müəssisələri yaradılır. “Qobustan” Günəş Elektrik Stansiyasının sentyabrın ortalarında fəaliyyətə başlaması ilə ölkədə bərpa olunan enerji mənbələrinin ümumi gücü 2 170 MVt-a yüksəlib. Bu göstərici ölkənin ümumi enerji istehsal gücünün təqribən 21,5 faizinə bərabərdir.2027-ci ilin sonunadək bu rəqəmin 34 faizə yüksəldilməsi hədəflənir.
Bundan əlavə, ölkədə 2027-ci ilin sonunadək təxminən 1,5 QVt gücə malik yeni bərpaolunan enerji layihələrinin həyata keçirilməsi planlaşdırılır. Həmin müddətədək təqribən 2 QVt gücündə günəş və külək enerjisinin enerji şəbəkəsinə qoşulması nəzərdə tutulur.
Açıqlanan rəsmi məlumata əsasən Naxçıvanın Azərbaycanın əsas enerji infrastrukturu ilə birləşdirilməsi, həmçinin Azərbaycan–Naxçıvan–Türkiyə–Avropa beynəlxalq enerji dəhlizinin yaradılması məqsədilə Zəngəzur xəttinin inşasının ilk mərhələsi tamamlanmaq üzrədir.

Cəbrayıldan Ağbəndə kimi 74 kilometrlik ərazidə 330 kilovoltluq, 1 000 meqavat yükötürmə gücünə malik ikidövrəli yüksəkgərginlikli elektrik ötürmə xəttinin tikintisinin 97 faizi artıq başa çatdırılıb. Sonrakı mərhələdə isə Ordubaddan Naxçıvana qədər 100 kilometr, Zəngəzur dəhlizi vasitəsilə 44 kilometr və Naxçıvandan Türkiyəyə doğru 230 kilometr uzunluğunda ötürmə xətlərinin inşası planlaşdırılır.
Zəngəzur dəhlizi boyunca çəkiləcək elektrik ötürücü xətt vasitəsilə Xəzər regionunda və Mərkəzi Asiya ölkələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycan və Türkiyə üzərindən Avropaya ixracı nəzərdə tutulur. Bu enerjinin bir qisminin də Ermənistana satılması tam real bir məsələdir.