İtaliya 40 ildən sonra atom energetikasını yenidən canlandırmağı planlaşdırır
İtaliyanın Baş naziri Corca Meloni energetika təhlükəsizliyi ilə bağlı narahatlıqların və elektrik enerjisinin qiymətindəki sürətli artımın, əvvəlki hökumətlərin uğursuzluğa düçar olduğu bu sahədə ona uğur qazandıracağına ümid edərək, atom energetikasına qoyulmuş qırx illik qadağanı ləğv etmək istəyir.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Lakin nüvə texnologiyasına qarşı Avropada ən skeptik yanaşan əhali qruplarından birini bu texnologiyanın təhlükəsiz olduğuna inandırmaq asan olmayacaq və uğursuz bir kampaniya Meloniyə və onun sağçı koalisiyasına qarşı çevrilə bilər.
Ötən həftə Meloni İtaliya senatında çıxışı zamanı, iqtisadiyyatı qalıq yanacaq bazarlarındakı qeyri-sabitlikdən və geosiyasi sarsıntılardan qorumaq zərurəti ilə izah edərək, hökumətin yayda atom energetikasına qayıdış üçün hüquqi bazanı təsdiqləyəcəyini bəyan edib:
“Yaya qədər tikintiyə icazə verən qanun və İtaliyada atom enerjisi istehsalının bərpası üçün zəruri olan hüquqi bazanı müəyyən edən qanunaltı aktlar qəbul ediləcək”.
Bununla belə, ekspertlər qeyd edirlər ki, layihənin praktiki icrasına qədər illər keçə bilər. Plana əsasən, ilk növbədə parlament çərçivə qanununu qəbul etməlidir, bundan sonra isə 12 ay ərzində konkret layihələri, meydançaları və texnologiyaları müəyyən edən icraedici fərmanlar hazırlanacaq.
Qeyd olunur ki, İtaliyada atom energetikasına qayıtmaq üçün əvvəlki chdlər, o cümlədən Ukrayna və Yaponiyadakı qəzalar fonunda keçirilən 1987 və 2011-ci il referendumlarından sonra uğursuzluqla nəticələnmişdi. Lakin son rəy sorğuları göstərir ki, cəmiyyətdə atom energetikasına olan dəstək artıb və hazırda təxminən 50% və ya bir qədər daha yüksək səviyyədədir.
Məryəm