Hindistan Modinin paylaşımını silən “Meta” rəhbərliyini izahat üçün çağırdı
Hindistan hakimiyyəti respublikanın Baş naziri Narendra Modinin “Facebook”dakı paylaşımının qısamüddətli bloklanması səbəbindən “Meta” şirkətinin rəhbərlərini söhbətə çağırıb.
Elchi.az xəbər verir ki, bu barədə ANI agentliyinə respublikanın elektronika və informasiya texnologiyaları nazirinin müavini S. Krişnan məlumat verib.
Xəbərə görə, hökumət şirkətdən “hadisənin təfərrüatlarını aydınlaşdırmaq, habelə şirkət siyasəti və texniki problemlərlə bağlı məsələləri müzakirə etmək üçün yüksək vəzifəli nümayəndələrini göndərməyi” tələb edib.
“Meta” şirkəti hökumətə məktub ünvanlayaraq baş verənlərdən təəssüfləndiyini bildirib. Onlar, həmçinin baş verənləri necə anladıqlarına dair səbəbləri izah ediblər və oxşar halların təkrar olunmaması üçün iyulun 28-dən tanınmış şəxslərin hesabları üçün yeni protokollar tətbiq etdiklərini bildiriblər”, — deyə nazir müavini qeyd edib.
Krişnan vurğulayıb ki, hakimiyyət yaranan problemlərin səbəblərini anlamaq və Hindistan tərəfinin narahatlıqlarını nəzərə almaq üçün “Meta”nın iş proseslərini necə dəyişə biləcəyini öyrənmək istəyir. O eləcə də əlavə edib ki, görüşün yaxın 7-10 gün ərzində baş tutacağı gözlənilir.
Bu hadisələr Modinin imtahan suallarının sızması ilə mübarizə tədbirlərinə həsr olunmuş videoçarxının “Facebook”dan müvəqqəti silinməsindən sonra baş verib. İyulun 28-də “Meta” nümayəndələri kontentin texniki xəta səbəbindən silindiyini və aşkar edildikdən sonra bərpa olunduğunu bildiriblər.
İlk dəfə iyulun 23-də yayımlanan videoçarx iyulun 28-də səhər saatlarında “Facebook”da müvəqqəti olaraq əlçatmaz olub, bundan sonra ona giriş bərpa edilib.
Məryəm