Google Portuqaliyanı yeni transatlantik sualtı kabelə qoşdu
“Alphabet” holdinqinə daxil olan “Google” şirkəti yeni transatlantik “Nuvem” sualtı kabelini Portuqaliyanın Siniş şəhərinə qoşub.
Elchi.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.
Uzunluğu təxminən 7000 km olan kabel Bermud və Azor adalarından keçməklə Mirtl-Biç (Cənubi Karolina ştatı, ABŞ) ilə Portuqaliyanın Siniş şəhərini birləşdirir. Sistem 16 cüt optik lifdən ibarətdir və 384 Tbit/s-dək ötürmə qabiliyyəti üçün nəzərdə tutulub.
“Google”dan qeyd ediblər ki, layihə bulud hesablamalarına və süni intellekt xidmətlərinə artan tələbatı ödəməyə yönəlib, həmçinin Avropanın rəqəmsal infrastruktunun inkişafı strategiyasının bir hissəsidir.
Portuqaliya hakimiyyəti ümid edir ki, yeni kabel ölkənin data-mərkəzlər, süni intellekt texnologiyaları və innovasiyalar üzrə əsas Avropa mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirəcək.
Şirkətin məlumatına görə, sualtı kabellər qlobal internet trafiki axınının 95%-dən çoxunun ötürülməsini təmin edir.
Məryəm