“H&M” və “Inditex” (“Zara” brendinin sahibi) də daxil olmaqla dünyanın aparıcı geyim istehsalçıları tikiş fabrikləri işçilərinin etirazları fonunda sifarişlərin təxminən 10%-ni Banqladeşdən digər Asiya ölkələrinə köçürüblər. Noyabrın 1-dən 18-dək istiqaməti dəyişdirilən sifarişlərin dəyəri təxminən 254 milyon dollar təşkil edib. Onların əksəriyyətini Hindistan fabrikləri, qalan hissəsini isə İndoneziya, Kamboca və Vyetnam müəssisələri qəbul edib.
Elchi.az xəbər verir ki, sahə assosiasiyasının məlumatına görə, etirazlar səbəbindən Banqladeş artıq 400 milyon dollardan çox itkiyə məruz qalıb.
İstehsalçılar həmçinin ölkədə əməkhaqlarının artması, enerji çatışmazlığı və siyasi qeyri-sabitlikdən narahatdırlar. Onlar sifarişlərin köçürülməsinin gələcək müqavilələrin daha sabit təchizatçıların xeyrinə itirilməsinə gətirib çıxaracağından ehtiyat edirlər.
Dekabrın 1-dən Banqladeş hakimiyyəti sahə işçilərinin minimum əməkhaqqını 12,5 min takadan (təxminən 100 dollar) 17 min takaya (təxminən 139 dollar) qədər artırmağa razılaşıb. Lakin etirazlar davam edib: işçilər ödənişlərin 30 min takaya (təxminən 241 dollar) çatdırılmasını tələb edirlər.
Məryəm