Əraqçidən iordaniyalı həmkarına sərt cavab
İranın Xarici İşlər Naziri Seyid Abbas Əraqçi İordaniyanın XİN rəhbəri Ayman əs-Səfadinin İranın hərbi əməliyyatları ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə kəskin reaksiya verib.
İordaniya xarici işlər nazirinin “İran müharibə başlayandan cəmi iki saat sonra İordaniyaya və regionun digər ölkələrinə hücum etdi, bu isə o deməkdir ki, onun hücumu sadə cavab reaksiyası deyildi” bəyanatına qarşı Tehran rəsmisi sert cavab verib.
İran XİN rəhbəri sosial şəbəkə hesabında iordaniyalı həmkarına cavab olaraq bildirib:
“İordaniyanın xarici işlər nazirinin fikrincə, İran nə ərəb, nə də İran suverenliyinə hörmət etməyən təcavüzkara cavab vermək üçün nə qədər gözləməli idi? Doğrudanmı o bilmir ki, günahsız iranlıların həlak olmasına gətirib çıxaran ABŞ-nin ilkin hücumları zamanı məhz ərəb ölkələrinin hava məkanı, ərazisi və akvatoriyası istifadə olunub?”
Bu polemika region dövlətləri arasında hərbi gərginliyin diplomatik müstəviyə də kəskin şəkildə keçdiyini nümayiş etdirir.