Bakı və İrəvan PUA müharibəsi hazırlığında
Ermənistan Müdafiə Nazirliyi yeni qoşun növu yaratdıqları barədə açıqlama yayıb. Nazirlik yaxın günlərdə yeni qoşunun komplektləşdirilmsini başa çatdıracaqlarını qeyd edib.

Belə ki, Ermənistan 44 günlük müharibə, daha sonra isə Ukrayna-Rusiya müharibəsi təcrübəsindən yararlanaraq, PUA qoşunu yaratmaq qərarına gəlib. Bunun üçün həm xaricdən aldıqları, həm də yerli istehsala başlayacağı hərbi imkanlardan istifadə edəcəklər. Eyni zamanda, Azərbaycan istehsal etdiyi “Qartal”, “Şahin E”, “Boran” PUA-larını nümayiş etdirib. Hər iki tərəfin PUA strategiyası yeni nəsil müharibəyə hazırlıq kimi qiymətləndirilir.
Artıq müasir savaşlar dronlarla aparılır. Azərbaycan və Ermənistan sülh dövrünə qədəm qoysa da, gələcəyə dair müdafiə imkanlarını yeniləyir.
Ermənistanın yeni qoşun növü yaratması da bundan xəbər verir. Sülhdən danışan Ermənistan niyə PUA qoşun növü hazırlayır və kiminlə müharibə aparacaq?
“Son dövrlər Ermənistan Müdafiə Nazirliyinin xüsusi PUA (Pilotsuz Uçuş Aparatı) qoşun növlərinin komplektləşdirilməsini başa çatdırmağa hazırlaşması barədə bəyanatları, eyni zamanda Azərbaycanın “Qartal”, “Şahin E” və “Boran” kimi yerli istehsalı olan yeni nəsil dronlarını nümayiş etdirməsi regional hərbi balansın tamamilə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ermənistanın ayrıca PUA qoşunu yaratmaq qərarı, şübhəsiz ki, 44 günlük müharibənin acı təcrübəsindən və Ukrayna cəbhəsində kiçikhəcmli, ucuza başa gələn kamikadze/FPV dronların döyüş gedişatına etdiyi həlledici təsirdən qaynaqlanır”.

İrəvanın bir tərəfdən Hindistan və Fransadan aldığı yeni hərbi texnika və anti-dron sistemlərini, digər tərəfdən yerli istehsal imkanlarını vahid komandanlıq altında mərkəzləşdirməyə çalışdığını deyən hərbi təhlilçinin fikrincə, sülh danışıqlarının getdiyi bir fonda Ermənistanın bu addımı atması ilk baxışda təzadlı görünsə də, hərbi-siyasi baxımdan klasik “çəkindiricilik” doktrinası ilə izah olunur.
“İrəvan hesab edir ki, güclü texnoloji müdafiəyə sahib olmadan sülh masasında dayanıqlı mövqe tutmaq mümkün deyil. Bununla belə, Azərbaycanın insansız sistemlər sahəsindəki strategiyası həm döyüş təcrübəsi, həm də müdafiə sənayesinin dərinliyi baxımından prinsipial olaraq fərqlənir. Azərbaycan Silahlı Qüvvələri 10 ildən artıqdır ki, PUA-ların idarə edilməsi və mərkəzləşdirilmiş radioelektron mübarizə mühitində tətbiqi üzrə böyük təcrübəyə malikdir. Ölkəmiz yalnız xarici texnologiyalara arxalanmır, Türkiyə və İsrail kimi müttəfiqlərlə birgə inteqrasiya olunmuş platformalarla yanaşı, “Qartal”, “Şahin E” və “Boran” kimi tamamilə yerli texnoloji həllərini də sənaye miqyasında inkişaf etdirir”, – deyə S.Məmmədov vurğulayıb.
Onun sözlərinə görə, bu dronlar kəşfiyyat məlumatlarının anında mərkəzə ötürülməsi, yüksək dəqiqlikli zərbə endirmə yetənəyi və REM təsirlərinə qarşı davamlılığı ilə seçilir: “Tərəflərin hərbi imkanları və PUA strategiyaları müqayisə olunduqda aydın görünür ki, Azərbaycan həm kadr hazırlığı, həm arsenalındakı strateji zərbə dronları (“Bayraktar TB2”, “Akıncı”, “Harop”), həm də kütləvi yerli istehsal potensialı ilə böyük üstünlüyünü qoruyub saxlayır. Ermənistanın addımları isə daha çox orduda yaranmış texnoloji boşluğu doldurmaq və müdafiə imkanlarını kənar təhdidlərə qarşı bərpa etmək cəhdidir. Yeri gəlmişkən Azərbaycan Ermənistandan daha əvvəl İnsansız Sistem Qoşunları yaradıb və ilk dəfə bu 8 noyabr 2025-ci il tarixində Bakının Azadlıq meydanında, Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda ictimaiyyətə təqdim olunub”.
Hərbi ekspert hesab edir ki, Bakı və İrəvanın sülh gündəliyini müzakirə etdiyi bir şəraitdə hərbi texnologiyaların yenilənməsi müasir dövrün “sülh istəyirsənsə, müharibəyə hazır ol” prinsiplərindən xəbər verir: “Müasir savaşların əsas simasına çevrilən dronlaşma prosesi göstərir ki, regionda sülh sazişi imzalansa belə, hər iki dövlət öz təhlükəsizlik arxitekturasını ən son texnoloji standartlara uyğunlaşdırmağa davam edəcək. Əlavə olaraq qeyd edim ki, Ermənistan cəmiyyətində revanşizm meyilləri daha da artıb. Çox maraqlıdır ki, revanşist hisslərlə yaşayanlar bir çoxu məhz Paşinyanın yanında yer alır. Bundan əlavə Paşinyan ordudakı kadr dəyişikliklərində 44 günlük müharibədə döyüşmüş bəzi zabitləri irəli çəkib. Hətta həbsdə olan bir neçə yüksək rütbəli zabiti də azadlığa buraxaraq onları yenidən orduya cəlb edib. Yəni Azərbaycan el dili ilə desək, çomağı əlindən yer qoymamalıdır”. //Musavat.com