“Bədii xalça” üzrə diplom işləri: ənənə və müasirliyin uğurlu sintezi nümayiş olundu
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn və Memarlıq fakültəsində “Dekorativ-tətbiqi sənət” ixtisasının “Bədii xalça” istiqaməti üzrə tələbələrin diplom işlərinin müdafiəsi uğurla baş tutub.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nümayəndələrinin bildirdiyinə görə, müdafiə prosesində təqdim olunan layihələr tələbələrin illər ərzində qazandıqları nəzəri bilik və praktiki bacarıqların yüksək səviyyədə nəticəsi kimi qiymətləndirilib.
Müdafiəyə çıxarılan əsərlər ənənəvi Azərbaycan xalça sənətinin zəngin ornamentika və kompozisiya prinsipləri əsasında hazırlanmaqla yanaşı, müasir dizayn yanaşmalarını da özündə əks etdirib. Tələbələrin işlərində fərdi yaradıcılıq, rəng harmoniyası, simvolik məna və milli motivlərin yeni interpretasiyası diqqət çəkib.
Komissiya üzvləri xüsusilə qeyd ediblər ki, təqdim olunan diplom işlərində ideya müxtəlifliyi və texniki icra səviyyəsi tədris prosesinin effektivliyini və tələbələrin peşəkar inkişafını dolğun şəkildə nümayiş etdirir.
Diplom işlərini təqdim edən tələbələr həmin tanınmış rəssam və müəllimlərin — Məmmədhüseyn Hüseynov, Əkbər Nağıyev, Nigar Quliyeva, Minaxanım Hüseynova və Eldar Mikayılzadənin rəhbərliyi altında təhsil alan tələbələr olub.
Komissiya üzvləri tələbələrin fərdi yanaşmasını, kompozisiya quruluşunu və texniki icra bacarıqlarını qiymətləndirərək onların gələcək peşə fəaliyyətinə hazır olduqlarını vurğulayıblar.
Mütəxəssislərin fikrincə, “Bədii xalça” ixtisası üzrə belə müdafiələr Azərbaycan xalçaçılıq məktəbinin müasir dövrdə yaşadılması və inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tələbələrin işlərində klassik ənənələrin qorunması ilə yanaşı, müasir sənət tendensiyalarına uyğun eksperimentlərin aparılması da diqqət çəkir.
Bu cür müdafiələr həm gənc rəssamların yaradıcılıq potensialının üzə çıxarılmasına, həm də milli dekorativ-tətbiqi sənətin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
