Almaniyanı birləşdirən əfsanəvi liderin deputat nəvəsindən etiraf – “Rusiya ilə bağlı böyük səhv etdik”

Almaniyanın keçmiş kansleri, ölkənin birləşməsinin əsas siyasi memarlarından biri sayılan Helmut Kolun nəvəsi, Bundestaqın 29 yaşlı deputatı Yohannes Folkman Berlinin uzun illər Rusiya və Ukraynaya münasibətdə yürütdüyü siyasətin yanlış olduğunu bildirib.

babası kimi Xristian Demokrat İttifaqının (CDU) üzvü olan Folkman Almaniyada Ukraynaya hərbi dəstəyin fəal tərəfdarlarından biridir. Bu yaxınlarda Kiyevə səfər edən deputat müsahibəsində Almaniyanın əvvəlki hökumətlərinin Moskva ilə bağlı hesablamalarını tənqid edib.

Folkmanın sözlərinə görə, Rusiya ilə ticarətin və xüsusilə “Şimal axını” qaz kəməri vasitəsilə enerji əməkdaşlığının qarşılıqlı asılılıq yaradaraq mümkün təcavüzün qarşısını alacağı barədə yanaşma özünü doğrultmayıb.

“Əvvəlki federal hökumətin irəli sürdüyü fərziyyənin yanlış olduğu artıq aydındır. Ticarətin, məsələn, “Şimal axını” ilə qaz tədarükünün qarşılıqlı asılılıq yaradacağı və bununla da təcavüzün qarşısını alacağı düşünülürdü. Neytrallığın digər ölkələri qoruya biləcəyi fərziyyəsi də eyni dərəcədə yanlış çıxdı. Böyük səhvlərdən biri Almaniyanın o vaxt Şərqdəki qonşularını dinləməməsi idi. Onlar Moskva ilə münasibətlərdə öz tarixi təcrübələrinə əsaslanaraq Rusiyanın əslində nə istədiyini daha yaxşı anlayırdılar”, – deyə deputat bildirib.

Folkman Almaniya üçün Alternativ (AfD) partiyasının gələcəkdə hakimiyyətə gəlməsi halında Berlin-Kiyev münasibətlərinin taleyi ilə bağlı narahatlıqlara da münasibət bildirib. Onun sözlərinə görə, hazırkı Bundestaq 2029-cu ilə qədər seçilib və CDU/CSU fraksiyası Ukraynaya hərbi yardımın davam etdirilməsini Almaniyanın öz təhlükəsizlik maraqlarının bir hissəsi hesab edir.

“Verdiklərimiz sədəqə deyil. Ukraynaya dəstək bizim öz təhlükəsizlik maraqlarımıza uyğundur. AfD-nin Ukrayna ilə bağlı mövqeyi partiyamın onunla hər hansı əməkdaşlığı istisna etməsinin mühüm səbəblərindən biridir”, – deyə Folkman bildirib.

Deputat Ukraynadakı korrupsiya məsələsinə də toxunaraq bunun ciddi narahatlıq doğurduğunu bildirib. Bununla belə, onun fikrincə, korrupsiya hallarının ictimaiyyətə açıqlanması və araşdırılması vacibdir.

Folkman Ukrayna və Avropa vəsaitlərinin düzgün xərclənməsinə nəzarətin davam etdirilməsinin zəruriliyini vurğulayıb və Ukraynanın vətəndaş cəmiyyətini, jurnalistlərini, ictimaiyyətini, deputatlarını və müxalifətini bu prosesləri diqqətlə izləməyə çağırıb.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir