Aİ Ukrayna ilə müdafiə tərəfdaşlığına və dronların birgə istehsalı proqramına start verib

Reklam sahəsi

Avropa İttifaqı (Aİ) iyulun 15-də Ukrayna ilə yeni müdafiə-sənaye tərəfdaşlığına və pilotsuz uçuş aparatlarının (PUA) birgə istehsalı təşəbbüsünə start verərək silah istehsalını sürətləndirməyi, Avropa müdafiə sənayesini gücləndirməyi və Ukraynanın hərbi-sənaye kompleksini Aİ-nin müdafiə sisteminə daha dərindən inteqrasiya etməyi hədəfləyir.

Bu barədə Elchi.az Avropa bürosu Avropa Komissiyasına istinadən xəbər verir.

Təşəbbüs müdafiə şirkətlərinin əməkdaşlığı üçün maneələri aradan qaldırmağa, standartları yaxınlaşdırmağa, eləcə də birgə satınalmaları və müştərək müəssisələrin yaradılmasını sadələşdirməyə yönəlib.

“EU–Ukraine Drone Deal” proqramı çərçivəsində tərəflər cari ilin sonunadək PUA-ların və onlarin əleyhinə vasitələrin birgə istehsalını qurmaq, 2028-ci ilə qədər isə raketdən müdafiə sistemlərinin, artilleriya və müdafiə sənayesinin əsas komponentlərinin buraxılışı üzrə qarşılıqlı fəaliyyəti genişləndirmək niyyətindədirlər.

“Bizim müdafiə-sənaye tərəfdaşlığımız, bazarlarımızı inteqrasiya etdiyimiz kimi – maneələri aradan qaldıraraq və standartları mümkün qədər tez yaxınlaşdıraraq Ukraynanın müdafiə iqtisadiyyatını da inteqrasiya edir”, – Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Kiyevdə bildirib.

Eyni zamanda, Avropa Komissiyası 90 milyard avro həcmində olan “Ukraine Support Loan” proqramı çərçivəsində dronların alınması üçün Ukraynaya daha 1 milyard avro köçürüb. Bu, xüsusi olaraq pilotsuz uçuş texnologiyalarının inkişafı üçün ayrılmış ilk 6 milyard avronun ikinci tranşıdır. Bundan əlavə, Komissiya dronların, raketlərin və döyüş təyyarələrinin alınmasını nəzərdə tutan 10 milyard avroluq gələcək maliyyələşdirmə planını da təsdiqləyib.

Avropa Komissiyası həmçinin Ukraynanın Avropa Müdafiə Fonduna (European Defence Fund, EDF) və Avropa Müdafiə Sənayesinin İnkişafı Proqramına (EDIP) yekun olaraq qoşulduğunu elan edib, bu da Ukrayna və Avropa şirkətlərinə Aİ tərəfindən maliyyələşdirilən tədqiqatlarda və yeni müdafiə texnologiyalarının hazırlanmasında birgə iştirak etməyə imkan verəcək.

Rəy yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir