ABŞ-da termonüvə reaktorlarında plutonium istehsalını izləməyi öyrəniblər
Amerikalı tədqiqatçılar gələcəyin termonüvə reaktorlarında qanunsuz olaraq hətta çox kiçik miqdarda plutonium və digər ağır izotopların istehsalını aşkar etmək üçün yığcam antineytrino detektorlarından istifadə etməyə imkan verən yanaşma hazırlayıblar.
Elchi.az xəbər verir ki, “Physical Review Applied” elmi jurnalındakı məqalədə fiziklərin yazdığına görə, bu, həmin qurğuların nüvə təhlükəsizliyini artırmağa imkan verəcək.
Tədqiqatda qeyd olunur: “Termonüvə reaktorları gələcəyin karbonsuz energetikasının əsası olacaq, lakin bu sistemlərdən nəzəri cəhətdən silah dərəcəli parçalanan materialların istehsalı üçün də istifadə etmək mümkündür. Biz göstərdik ki, bu qurğuların bu cür qanunsuz istifadəsini, prinsip etibarilə, hətta kiçik bir antineytrino detektorunun köməyi ilə aşkar etmək olar”.
Bu ideyanın müəllifləri — ABŞ-ın Virciniya Politexnik Universitetinin professoru Patrik Huberin rəhbərlik etdiyi fiziklər qrupu qeyd edirlər ki, termonüvə reaktorları hazırda nüvə silahının yayılmaması baxımından adi nüvə reaktorlarının daha təhlükəsiz alternativi kimi nəzərdən keçirilir. Bununla belə, onlar güclü neytron selləri yaradırlar ki, bu sellərin özləri də uran-238 və torium-232-ni potensial olaraq silahda istifadə edilə biləcək digər elementlərə çevirmək üçün tətbiq oluna bilər.
Xüsusilə, nəzəri cəhətdən uran və ya torium hissəcikləri və ya birləşmələri bu termonüvə reaktorlarının soyutma sisteminə gözə çarpmayan şəkildə əlavə edilə bilər. Bu isə “bədniyyətli şəxslərə” cəmi bir həftə ərzində nüvə və termonüvə döyüş başlıqlarında istifadəyə yararlı onlarla kiloqram plutonium və ya uran-233 əldə etməyə imkan verər. Bu mülahizələr professor Huber və digər alimləri həmin qanunsuz radionuklidlərin özlərini necə “ələ verə” biləcəyini ətraflı şəkildə öyrənməyə sövq edib.
Bu ideyanı rəhbər tutaraq alimlər, 1,5 GVt gücündə olan kiçik termonüvə reaktorunun yaratdığı neytron selinin, bu cür qurğularda istifadəsi planlaşdırılan litium və qurğuşun ərintiləri və ya flüor, litium və berillium duzlarından ibarət soyuducu mayelərin daxilindəki uran-238 atomlarına necə təsir edəcəyini hesablayıblar. Bu hesablamalar göstərib ki, hər iki halda neytronlar, uran-238 və digər radionuklidlər arasındakı qarşılıqlı təsir unikal enerji spektri strukturuna malik çoxlu sayda antineytrino yaradacaq.
Professor Huber və digər alimlər aşkar ediblər ki, bu hissəcikləri təbii proseslər nəticəsində yaranan və kosmosdan Yerə daxil olan antineytrinolardan fərqləndirmək və tutmaq mümkündür. Hətta plutonium istehsalının miqyası nisbətən kiçik olduqda belə, çəkisi cəmi bir ton olan yığcam antineytrino detektoru vasitəsilə bunu etmək olar. Fiziklər yekun olaraq bildiriblər ki, bu cür qurğular təmiz və etibarlı enerji mənbələrinin nüvə təhlükəsizliyini təmin etməyə kömək edəcək.
Məryəm