Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı “çox yaxşı” qərar hazırlayacağını deyir
ABŞ prezidenti Donald Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək “çox yaxşı” qərar vermək niyyətindədir.
o, Florida ştatındakı Mar-a-Laqo iqamətgahında jurnalistlərlə görüş zamanı Rusiyaya qarşı sanksiyalar qanununun tətbiqinə 60 günlük fasilə qərarını belə izah edib: “Çoxunuz hələ mənim qərarımın nə olduğunu bilmirsiniz, amma biz bunu anlayacağıq və siz də öyrənəcəksiniz. Bu, çox yaxşı bir qərardır, ölkəyə (ABŞ-a – red.) və düşünürəm ki, dünyaya fayda verəcək bir qərar olacaq, çünki biz qlobal səhnədə fəaliyyət göstəririk”.
Tramp Ukraynanın onun qərarını necə şərh etməli olduğu sualını cavabsız qoyub.
Daha əvvəl ABŞ dövlət katibi və milli təhlükəsizlik müşaviri Marko Rubio bildirib ki, Tramp Rusiyaya qarşı sanksiyaların və digər ölkələrə qarşı əlaqəli tariflərin tətbiqinin potensial nəticələrini, o cümlədən ABŞ və qlobal iqtisadiyyatlara təsirini qiymətləndirmək üçün 60 gün vaxt götürüb. Rubionun sözlərinə görə, əlavə təhlilə ehtiyac qlobal enerji bazarlarındakı gərgin vəziyyətlə bağlıdır.
Axios-un sitat gətirdiyi Ağ Ev sözçüsü Teylor Rocers bildirib ki, ABŞ-ın yeni qanunla nəzərdə tutulan Rusiya əleyhinə tədbirləri tətbiq etməsi Vaşinqtonun Ukrayna böhranını həll etmək səylərinə mane olacaq. O əlavə edib ki, prezident ABŞ-ın milli maraqlarına uyğun olduğuna qərar verərsə, istənilən vaxt bu tədbirləri görmək seçimini saxlayır.