Harvard və Kembrici seçən azərbaycanlılar oxusun-Britaniya universitetlərində böhran
Azərbaycan hər il dövlət hesabına dünyanın ən nüfuzlu universitetlərində təhsil almaq üçün yüzlərlə gənc göndərir. Bu il də istisna olmayıb. Musavat.com xəbər verir ki, 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramının nəticələrinə əsasən, ümumilikdə 500 azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb. Onlardan 155 nəfəri dünyanın ən nüfuzlu ilk 10 universiteti sırasında yer alan ali məktəblərdə oxuyacaq. Bu siyahıya Harvard, Oksford, Stanford, Massaçusets Texnologiya İnstitutu, Yel və digər aparıcı universitetlər daxildir.
Bu mənzərə fonunda Böyük Britaniyanın özünün universitet sistemində yaranan maliyyə böhranı diqqət çəkir. Musavat.com xəbər verir ki, “The Guardian”ın son araşdırmasına görə, Britaniya universitetləri xarici tələbələrdən əldə olunan yüksək təhsil haqlarından o qədər asılı vəziyyətə düşüblər ki, beynəlxalq tələbə axınının azalması artıq bütöv ali təhsil sistemi üçün ciddi təhlükəyə çevrilib.
Britaniya universitetləri illər ərzində yerli tələbələrdən alınan təhsil haqqının məhdudlaşdırılması fonunda maliyyə boşluğunu xarici tələbələrin hesabına bağlamağa başlayıblar. İngiltərədə yerli tələbələr üçün illik təhsil haqqı uzun müddət 9 250 funt səviyyəsində dondurulub və inflyasiya bu məbləğin real dəyərini təxminən üçdə bir azaldıb. Xarici, xüsusilə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr üçün isə təhsil haqları dəfələrlə yüksəkdir. Beləliklə, beynəlxalq tələbələr universitetlərin maliyyə modelində getdikcə daha böyük rol oynamağa başlayıblar. “The Guardian”ın əvvəlki araşdırmalarından birinə görə, Britaniya universitetlərinin ümumi gəlirlərinin təxminən hər beş funtundan biri xarici tələbələrin ödədiyi təhsil haqqından formalaşırdı. Bəzi ali məktəblərdə isə bu gəlirin payı üçdə birə, hətta daha yuxarı həddə çatıb.
“The Guardian” 2024-cü ildə yazırdı ki, aparıcı Britaniya universitetlərinin təhsil haqqı gəlirlərinin bəzi hallarda 25 faizə qədəri Çin tələbələrinin hesabına formalaşır. Digər araşdırmada isə Çin vətəndaşlarının Britaniya universitetlərində beynəlxalq tələbələrin ən böyük qruplarından birinə çevrildiyi, 2022-ci ilə qədər Hindistanın Çini geridə qoyaraq birinci yerə çıxdığı qeyd olunurdu. İndi isə vəziyyət dəyişir. Britaniya hökumətinin miqrasiya siyasətini sərtləşdirməsi, tələbə vizaları ilə bağlı məhdudiyyətlər və xarici tələbələr üçün tətbiq edilən yeni maliyyə yükü universitetlərin gəlirlərinə ciddi zərbə vurur. “The Guardian”ın 14 avqust tarixli məlumatına görə, 2026-cı ilin iyulunadək tələbə vizası üçün müraciətlər əvvəlki illə müqayisədə 11 faiz azalıb. Bəzi universitetlərdə xarici tələbələrin sayının 30 faizədək azalacağı ehtimal edilir. Universitet rəhbərləri bunun iş yerlərinin ixtisarına, ixtisasların bağlanmasına və hətta bəzi ali məktəblərin maliyyə çətinliyi səbəbindən fəaliyyətini dayandırmasına gətirib çıxara biləcəyindən xəbərdarlıq edirlər.
Britaniyanın keçmiş universitetlər naziri Devid Uilletts də universitetlərin maliyyə təzyiqi altında olduğunu bildirib. Onun sözlərinə görə, əsas problemlərdən biri illərlə yerli təhsil haqlarının dondurulmasıdır. Uilletts hətta maliyyə böhranı səbəbindən hansısa universitetin fəaliyyətini dayandırması riskinin olduğunu deyib.Bu böhran artıq ayrı-ayrı universitetlərdə özünü göstərməyə başlayıb. Məsələn, Ekseter Universiteti maliyyə çətinlikləri səbəbindən Kornuoll kampusunda bəzi coğrafiya proqramlarını ləğv edib. Universitet rəhbərləri və təhsil sektorunun nümayəndələri hökuməti xarici tələbələrə tətbiq edilən əlavə maliyyə yükünü yenidən nəzərdən keçirməyə çağırırlar.
Maraqlıdır ki, eyni vaxtda Britaniyanın ali təhsil sistemi hələ də dünyanın ən istedadlı gəncləri üçün cəlbedici olaraq qalır. 2026-cı ildə yalnız bakalavriat səviyyəsində xarici tələbələrdən 53 740 nəfər Britaniya universitetlərinə qəbul olunub. Çinli tələbələrin qəbul sayı da əvvəlki illə müqayisədə artaraq 13 870 nəfərə çatıb.
Yəni problem Britaniya universitetlərinin nüfuzunu itirməsində deyil. Əsas problem onların maliyyə modelinin xarici tələbələrdən gələn yüksək ödənişlərdən həddindən artıq asılı vəziyyətə düşməsidir. Azərbaycan kimi ölkələrdən dövlət hesabına gedən istedadlı gənclər üçün Harvard, Kembric, Oksford və digər universitetlər hələ də böyük elmi imkanlar deməkdir. Lakin Britaniyanın özündə yaranan böhran göstərir ki, dünyanın ən nüfuzlu universitetlərindən birinə çevrilmək yalnız yüksək təhsil haqqı toplamaqla mümkün deyil…