İrəvan Rusiyadan qurtuluş planını açıqladı – Azərbaycan qazı Zəngəzurda
Ermənistan qaz təchizatında Rusiyadan asılılığı azaltmaq üçün alternativ mənbələr axtarır və Azərbaycan qazı əsas variantlardan biri kimi nəzərdən keçirilir.
Musavat.com xəbər verir ki, İrəvanda Zəngəzurdan keçəcək qaz kəmərinin Ermənistan üçün yeni qaz mənbəyi yarada biləcəyi bildirilir.
Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyasından deputat Sarkis Xandanyan keçirdiyi brifinqdə bildirib ki, Rusiya qazının qiymətinə yenidən baxılması məsələsi gündəmə gələrsə, Ermənistan bunu rusiyalı tərəfdaşları ilə dostcasına müzakirə edəcək. Bununla yanaşı, deputat qaz təchizatının şaxələndirilməsinin vacib olduğunu vurğulayıb.
Xandanyan bildirib ki, Ermənistanın ərazi idarəetməsi və infrastruktur nazirinin İrana son səfəri zamanı bu ölkədən qaz tədarükünün artırılması imkanları da müzakirə olunub.
Onun sözlərinə görə, Zəngəzurdan keçəcək layihə qaz kəmərinin çəkilməsini də nəzərdə tutur:
“Layihə qaz kəmərinə də aiddir. Yəni onun çərçivəsində Ermənistan ərazisindən qaz kəməri çəkiləcək. Bu da, ehtimal ki, əlavə qaz mənbəyinə sahib olmaq üçün daha bir imkan yaradır. Əlbəttə, hələlik bu, nəzəri məsələdir, lakin praktikada həyata keçirilməsi çətin deyil”.
Hakim partiyanın deputatı Azərbaycandan Ermənistana birbaşa qaz tədarükü ssenarisini də istisna etməyib.
Beləliklə, İrəvan Rusiya və İranla yanaşı, Azərbaycan qazını da gələcəkdə ölkənin alternativ enerji mənbələrindən biri kimi nəzərdən keçirir.
Bununla yanaşı, revanşist kanallarda Azərbaycan ərazilərində vaxtilə mövcud olmuş qondarma “Artsax” rejiminə istinad edilərək, Azərbaycanın qaz təchizatını dayandırdığı və daha sonra 10 aylıq blokada tətbiq etdiyi iddia olunub. “Artsax nümunəsi, Azərbaycan tərəfindən qazın kəsilməsi, daha sonra isə 10 aylıq “blokada” heç nə öyrətmir?” sualı səsləndirilib.
Məsələyə Rusiyadan da münasibət bildirilib. Rusiya Milli Energetika İnstitutunun direktor müavini Aleksandr Frolov Azərbaycan qazının Ermənistana tədarükü imkanını “erməni parlamentarilərin fantaziyası” adlandırıb. O, Azərbaycanın Ermənistan üçün əlavə olaraq daha 12,5 milyard kubmetr qaz hasil edib-edə bilməyəcəyi barədə sual qaldırıb.
Lakin Ermənistanın qaz tələbatı ilə bağlı rəqəmlər fərqli mənzərə ortaya qoyur. 2025-ci ildə Ermənistanın bütün qaz idxalı təxminən 2,7 milyard kubmetr təşkil edib. Bunun təxminən 2,23 milyard kubmetri Rusiyadan tədarük olunub.
Bu hesabla Rusiya qazının tam əvəzlənməsi üçün Azərbaycandan nəzəri olaraq təxminən 2,2 milyard kubmetr qaz tələb oluna bilər, 12,5 milyard kubmetr deyil. Eyni zamanda, Avropa İttifaqının Azərbaycan qazı alışını 12,5 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırması da nəzərə alınaraq, “20 milyard mümkündürsə, 22,2 milyard niyə mümkün olmasın?” arqumenti irəli sürülür.