“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Ermənistan dəmir yollarının 2008-ci ildə Rusiyanın idarəçiliyinə verildiyi vaxt ölkənin dəmir yolu sistemi ağır vəziyyətdə olub və böyük həcmdə təcili investisiyaya ehtiyac duyub.
bu barədə LogiStan nəşrinin baş redaktoru Qriqori Mixaylov məlumat verib.
Onun sözlərinə görə, Türkiyə və Azərbaycanla sərhədlərin bağlanmasından sonra Ermənistan dəmir yollarının dörd beynəlxalq istiqamətindən üçü fəaliyyətini dayandırıb. Ölkənin yeganə çıxışı Gürcüstan üzərindən Poti və Batumi limanlarına qalıb.
Beləliklə, Ermənistanın kiçik dəmir yolu şəbəkəsi faktiki olaraq dalan sisteminə çevrilib. Rusiya ilə birbaşa dəmir yolu əlaqəsi olmayıb, tranzit daşımaları dayanıb, yük bazasını isə əsasən bir neçə Ermənistan müəssisəsi və xarici ticarət daşımaları təmin edib.
Eyni zamanda dəmir yolu infrastrukturu sürətlə köhnəlib. Yüzlərlə kilometr dəmir yolu xəttinin təcili təmirə ehtiyacı yaranıb. Mixaylovun sözlərinə görə, 2007-ci ildə Ermənistanın o vaxtkı nəqliyyat naziri Manukyan konsessiyanı açıq şəkildə “xilas” adlandırmış və investisiya qoyulmayacağı təqdirdə ölkənin dəmir yolu şəbəkəsini itirə biləcəyini bildirmişdi.
Həmin dövrdə Ermənistanın dəmir yolunu öz imkanları hesabına modernləşdirmək gücündə olmadığı qeyd edilir. İlkin investisiya proqramının dəyəri 570 milyon dollar həcmində qiymətləndirilirdi.
2008–2025-ci illərdə Rusiya Dəmir Yolları və “Cənubi Qafqaz Dəmir Yolu” Ermənistanın dəmir yolu infrastrukturunun modernləşdirilməsinə təxminən 396 milyon dollar xərcləyib. Bildirilir ki, Rusiya Dəmir Yollarına dividend ödənilməyib və əldə olunan mənfəət Ermənistanın dəmir yolu sistemində saxlanılaraq yenidən bu sahəyə yönəldilib.
Bununla belə, Mixaylov vurğulayır ki, bu proses sırf xeyriyyəçilik xarakteri daşımayıb. Moskva gələcəkdə sərhədlərin açılacağı və dalan vəziyyətində olan Ermənistan dəmir yolunun Rusiya, Gürcüstan, Türkiyə və Azərbaycan arasında tranzit marşrutuna çevriləcəyi perspektivinə hesablanıb.
Hazırda isə Ermənistanın baş naziri Nikol Paşinyan dəmir yolunun Rusiyanın dövlət şirkəti tərəfindən idarə olunmasının Ermənistanın Azərbaycan və Türkiyə arasında formalaşacaq yeni nəqliyyat marşrutlarına qoşulmasına mane olduğunu bildirir. Onun yanaşmasına görə, Rusiyaya qarşı sanksiyalar və Moskva ilə Qərb arasındakı siyasi qarşıdurma səbəbindən Qərb və bəzi Yaxın Şərq investorları Rusiya Dəmir Yolları ilə əməkdaşlıq etmək istəməyə bilərlər.
Mixaylovun qənaətinə görə, Rusiya Dəmir Yollarının Ermənistan dəmir yolu sistemindən münaqişəsiz çıxması Moskvanın razılığını və maliyyə kompensasiyasını tələb edəcək.