Yaponiya hökuməti Tokioda güclü zəlzələ baş verəcəyi təqdirdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə ehtiyat hökumət qərargahının paytaxt regionundan kənarda yaradılması imkanını nəzərdən keçirir.
Elchi.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Təbii fəlakətlər zamanı aidiyyəti qurum və idarələrin fəaliyyətini əlaqələndirən hökumət qərargahı Tokionun mərkəzində yerləşən baş nazir dəftərxanasının nəzdində fəaliyyət göstərir. Yaponiya hakimiyyətinin qiymətləndirməsinə görə, Tokioda güclü zəlzələ baş versə belə, bu, hökumətin əsas funksiyalarının itirilməsinə və böhran qərargahının adekvat işinin pozulmasına gətirib çıxarmayacaq, lakin bununla belə, ehtiyat tədbiri olaraq ehtiyat orqanın yaradılması nəzərdən keçirilir.
Yaponiya hökumətinin baş nazirin iqamətgahında qərargahı yerləşdirmək mümkün olmayacağı hal üçün üç alternativ meydançası var, lakin onların hamısı da Tokio ərazisində yerləşir. Bu səbəbdən Nazirlər Kabineti paytaxt meqapolisindən kənarda daha bir ehtiyat qərargah təsis etmək istəyir. Potensial dislokasiya yerləri arasında hakimiyyətin seçimini apardığı qondarma Yaponiyanın ikinci paytaxtı da var. İkinci paytaxtın 2027-ci ilin payızınadək müəyyənləşdiriləcəyi gözlənilir.
Yapon seysmoloqlarının son qiymətləndirmələrinə əsasən, episentri bilavasitə Tokionun altında olan güclü zəlzələ təxminən 18 min insanın ölümünə səbəb ola bilər, üstəlik onların üçdə ikisi yanğınlardan həlak ola bilər. Yaxın 30 ildə Yaponiya paytaxtının altında 7,0 maqnitudalı zəlzələ ehtimalı hökumət tərəfindən təxminən 70% səviyyəsində qiymətləndirilir.
Məryəm