Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq
Tatarıstanda ilkin səhiyyə sahəsində çalışan həkimlər üçün süni intellekt (Sİ) əsaslı köməkçinin yaradılması planlaşdırılır.
Elchi.az xəbər verir ki, bu barədə “BİZNES Online” nəşrinə müsahibəsində Kazan Dövlət Tibb Universitetinin (KDTU) rektor vəzifəsini icra edən Ayrat Farraxov məlumat verib.
Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiya Federasiyasının Səhiyyə Nazirliyi, Tatarıstan rəhbərliyi və İnopolis tərtibatçıları ilkin səhiyyə sahəsində həkimlərə kömək edəcək süni intellektə əsaslanan proqramın yaradılması barədə saziş imzalayıblar.
“Biz Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko və Rüstəm Nurqaliyeviç Minnixanovun iştirakı ilə İnopolis rəhbərliyi ilə strateji sessiya keçirdik. İnopolis ilə müqavilə imzalayacağıq. Bundan əlavə, ilkin səhiyyə pilləsində qərarların qəbulunu, diaqnostika və müalicəni sürətləndirmək üçün süni intellekt — həkim köməkçisi yaradırıq”, — deyə Farraxov izah edib.
O vurğulayıb ki, layihənin ilkin olaraq Tatarıstanın səhiyyə sistemində tətbiq edilməsi planlaşdırılır. Bundan sonra isə layihənin miqyasını genişləndirmək və respublika büdcəsinə gəlir gətirmək məqsədilə süni intellekt köməkçisi ölkənin digər regionlarına da satılacaq.
Məryəm